
Azərbaycanın Gürcüstandakı ikinci diplomatik nümayəndəsi

Faris bəy Vəkilov Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) Gürcüstanda diplomatik nümayəndəliyinə rəhbərlik etmiş ilk şəxslərdən biri olub. O, ilk diplomatik nümayəndə Məmməd Yusif Cəfərovun 1918-ci ilin dekabrında AXC Parlamentinə üzv seçiləndən sonra Gürcüstandakı diplomatik nümayəndəliyə rəhbərlik etməyə başlayıb.
Tiflisdə doğulan F.Vəkilov (1886-1978) AXC dövrünün ictimai-siyasi xadimi, diplomatı, mühəndisi olub. O, AXC ordusunun general-mayoru İbrahim ağa Vəkilovun (1853-1934) oğlu idi. Ata Vəkilov Azərbaycanın ilk hərbi topoqrafı olub.
Faris bəy 1914-cü ildə Peterburq Texnologiya İnstitutunu bitirib, 1917-ci ilədək buradakı Putilov və “Feniks” zavodlarında mühəndis, həmin ildən isə Tiflisdə Qafqaz Su Təsərrüfatı İdarəsində işləyib. Rus, gürcü, türk, fransız dillərini mükəmməl bilirdi. Azərbaycan-Gürcüstan münasibətlərinin qurulmasında mühüm rol oynamış, bəzi Qərb ölkələrinin nümayəndələri ilə görüşlər keçirərək, Azərbaycan hökuməti adından bir sıra mühüm sənədləri imzalayıb.
Həyat yoldaşı Liya Mirkazım qızı Vəkilova (Talışinskaya) olub. O, ikinci Tiflis qadın gimnaziyasını qızıl medalla bitirib, Tiflis müsəlman məktəbində müəllim işləyib. Azərbaycanın ədəbi ictimaiyyətində və pedaqoji sahədə görkəmli mütəxəssis kimi tanınıb.
O, Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Parisə gedərək, 1926 ilədək orada yaşayıb, sonra Bakıya qayıdaraq, 1940-cı ilədək müxtəlif sənaye müəssisələrində yüksək vəzifələrdə çalışıb. 1942-ci ildə repressiyaya məruz qalıb, həbs olunaraq 10 il azadlıqdan, sonra isə 5 il bütün hüquqlardan məhrum edilib. Əvvəlcə Lənkəranda, sonra Penzada (Rusiya) cəza çəkib, 1952-ci ildə Qaraqandaya (Qazaxıstan) sürgün olunub. 1956-cı ildə Bakıya qayıdıb və Tikinti Materialları və Qurğuları Elmi-Tədqiqat İnstitutunda mühəndis işləyib. Faris bəy çoxlu ixtira və patentlərin müəllifi olub. Sovet hakimiyyəti qurulduqdan sonra ixtisasını təkmilləşdirmək üçün Parisdəki “Reno” zavoduna göndərilib və həyat yoldaşı Liya Mirkazım qızı Vəkilova (Talışinskaya) ilə birgə orada yaşayıb. 1927-ci ildə Bakıya dönüb və o zamankı Şmidt zavodunda işləyib.
Faris bəy Vəkilov 1978-ci ildə Bakıda vəfat edib.
Mənbə: Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası II cild (Bakı-2014)
Azərbaycan-Gürcüstan diplomatik əlaqələrinin tarixi — 1918-ci ilin xronologiyası
Azərbaycanın Gürcüstandakı ilk səfiri – AXC-nin qurucularından biri Məmmədyusif Cəfərov