Gürcüstanda antisovet üsyanının azərbaycanlı qurbanları — SİYAHI

Gürcüstanda 1924-cü ildə baş vermiş sovet rejiminə qarşı silahlı üsyandan 101 il ötür. Həmin ilin avqustun sonu, sentyabrın əvvəllərində uğursuzluqla nəticələnmiş antisovet qiyamında minlərlə şəxs qətlə yetirilib.

Məlumatlara əsasən, qiyam zamanı 4 minə yaxın şəxs güllələnərək öldürülüb.

Gürcüstanda fəaliyyət göstərən “Sovet Keçmişinin Araşdırılması Laboratoriyası” qeyri-hökumət təşkilatı üsyanın yatırılmasından sonra edam edilənlərin siyahısını təqdim edib. Bu mərhələdə məlum olan qurbanların siyahısında 10 nəfər azərbaycanlının da ad-soyadı yer alıb.

Aziz.ge həmin şəxslərin siyahısını oxucularının diqqətinə çatdırır:

  1. Mamed Abbas oğlu (Borçalıdan, kəndli)
  2. Süleyman Haqverdi oğlu (Borçalıdan, kəndli)
  3. Kiçik Bayramov Əli oğlu (1890-cı il doğumlu, Tiflis, Sirvaşi kəndinin sakini)  
  4. Cəfər Qəmbər oğlu (Borçalıdan, kəndli)
  5. Asan (böyük ehtimal Aslan – Aziz.ge) Göyüş oğlu (Borçalıdan)
  6. Osman-Məmməd Rəsul oğlu (Borçalıdan, kəndli)
  7. Mansir (böyük ehtimal Mənsur – Aziz.ge) Usub oğlu (Borçalıdan, kəndli)
  8. Kərim Qurbanov (1897-ci il doğumlu, Borçalıdan, keçmiş zadəgan)
  9. Nikoloz Caralov Faremuz oğlu (1898-ci il doğumlu, Borçalıdan, kəndli)
  10. Rəhim Həsən oğlu (Borçalıdan, kəndli)

Qeyd edək ki, üsyanda iştirak etmiş 12 min nəfərdən çox şəxs Sibirə, 20 minədək şəxs isə Mərkəzi Asiyaya sürgün edilib.

Lavrenti Beriyanın rəhbərliyi altında həyata keçirilmiş genişmiqyaslı repressiyalar gürcü cəmiyyətində mənəvi düşkünlüyə səbəb olmuşdu. Gürcüstanın müstəqilliyinin fəal tərəfdarları ya sürgün edilmiş, ya da mühacirət etməyə məcbur olmuşdu. Uğursuz “avqust üsyanı”ndan sonra Gürcüstanda sovet hakimiyyətinə qarşı qiyama böyük cəhdlər olmamışdır.