Gürcüstanda “Əli və Nino” romanının gürcüdilli yeni nəşri işıq üzü görüb. “Diogene Publishers” nəşriyyatının çap etdiyi bestselleri alman dilindən Maya Mirinaşvili tərcümə edib.
Nəşriyyat evi kitaba verilən təsvirdə qeyd edib ki, romanda azərbaycanlı aristokrat gənc Əli Şirvanşir və gürcü knyazının qızı Nino Kipianinin Birinci Dünya müharibəsi və inqilab fonunda inkişaf edən sevgi hekayəsindən bəhs edilir: “Romanın coğrafiyası zəngindir – Tbilisi, Bakı, Tehran… Bu şəhərləri yazıçı böyük məharətlə və dövrü, dini və milli xüsusiyyətləri dərin biliklərlə təsvir edib”.
Əsərin müəllifinə gəlincə, təsvirdə vurğulanıb ki, Qurban Səidin adı altında kimin gizləndiyi bir sıra araşdırmalara baxmayaraq, hələ də məlum deyil: “Lakin bir şey dəqiqdir ki, “Əli və Nino”nun müəllifi müxtəlif ölkələr və nəsillərin oxucularına çox yaxındır”.
Yeni nəşr kitab mağazalarında satışa çıxarılıb, onlayn satışı da təşkil edilib.
Qeyd olunmalıdır ki, “Diogene Publishers” nəşriyyatında “Əli və Nino” romanı artıq dördüncü dəfədir çap olunur. Bundan öncə nəşriyyat evi oxuculara əsəri 2002, 2016 və 2019-cu illərdə təqdim edib.