Gürcüstan kinosunun səssiz dövrünün ən yaxşı nümunələrindən biri 1927-ci ildə çəkilmiş “Güllü” (“გიული” – qiuli) filmidir.
Dram janrında istehsal olunmuş ağ-qara ekran əsərinin süjet xəttini Borçalı bölgəsinin bir kəndinin sakini olan azərbaycanlı qadının acı taleyi təşkil edir. Baş qəhrəman Güllü adlı müsəlman qız kasıb ailədəndir. O, xristian gənc Mitronu sevir. Lakin atasının ölümündən sonra analığı Güllünü zorla yaşlı, külfət sahibi və imkanlı Əliyə ərə verir. Güllü üçün Əli ilə ailə həyatı dözülməz olur. Mitro Əlinin oğlu Kərbalayı ilə birgə Güllünü qaçırdır. Lakin Əli qaçaqları tapır və Güllünü qəddarcasına tüfənglə qətlə yetirir.
Filmin rejissorları Lev Puş və Nikolay Şengelayadır. N.Şengelaya Azərbaycan kino tarixinə də düşüb. O, “26 komissar” filminin (“Azərfilm”, 1932) rejissorudur. Güllü rolunda Gürcüstanın Xalq artisti Nato Vaçnadze çəkilib.
“Güllü”nü Bakının o vaxtkı “Edisson” və “Təyyarə” kinoteatrlarında da nümayiş etdiriblər. Gürcüstan arxivlərində saxlanılan plakat Bakıda çap olunub, rəssamı Vlasovdur. Afişada ekran əsəri “şərq həyatından boevik” kimi təqdim olunub.