Hələ XIX əsrin 20-30-cu illərində Tiflisdə görkəmli azərbaycanlı maarifçi Abbasqulu ağa Bakıxanov yaşayıb. Bakıxanov Vaqif kimi müxəmməslərini Gürcüstan paytaxtına həsr edib. Burada o, rus, gürcü və erməni ziyalılarının bir çox proqressiv nümayəndələri ilə, həmçinin A.S.Qriboyedov, M.F.Axundov, Mirzə Şəfi ilə görüşüb və dostluq edib. Ümumiyyətlə, Tiflis o zamandan müxtəlif xalqlar arasında ictimai, siyasi və mədəni əlaqələrin möhkəmlənməsi işində müstəsna rol oynayıb.
40-cı illərdə Tiflis qəza məktəbində X.Abovyanla birgə Mirzə Şəfi Vazeh də çalışıb və dərs deyib. M.Vazeh Tiflisdə “Divani- hikmət” (“Hikmət evi”) adlı ədəbi-fəlsəfi məclisin əsasını qoymuşdu. O, Tiflisdə pedaqoq İ.Qriqoryevlə “Azərbaycan dilinin xrestomatiyası”nı hazırlayıb. Gəncəyə qayıdarkən Mirzə Şəfi “Tiflisə vida” şeirində bütün qəlbi və fikirləri ilə tiflisli dostlarının yanında olduğunu dilə gətirib.
Bioqrafik olaraq Tbilisi ilə bağlı olan Azərbaycan şairləri arasında görkəmli satirik Qasım bəy Zakir, Xurşidbanu Natəvan və Mirzəcan Mədətovu mütləq vurğulamaq lazımdır. Satirik şeirinə görə həbs olunmuş Zakir tiflisli dostlarının birinin sayəsində azad edilib, şair şeirlərinin birində ona dərin minnətdarlığını bildirib.
XIX-XX əsrlərdə Tiflisdə nəşr olunan elmi və dövri mətbuatda Azərbaycan ədəbiyyatı və folkloruna əhəmiyyətli yer verilib. 30-cu illərdə “Tiflisskie vedomosti” qəzetində ilk dəfə olaraq “Koroğlu” dastanı haqqında məlumatlar verilib. Tiflisin “Qafqaz”, “Novoye obozrenie” mətbu orqanlarında, “Qafqaz vilayətləri və tayfalarının təsviri üçün materillar toplusu”nda da həmçinin qiymətli materiallar dərc olunub.
Görkəmli azərbaycanlı yazıçı M.F.Axundov Tiflisə yaxın olub. O, ömrünün 40 ilindən çoxunu bu şəhərdə Kürün sağ sahilində, Metexi qalasının qarşısındakı ikimərtəbəli evdə yaşayıb. M.F.Axundov Tiflisdə özünün pyeslərini yaradıb və bununla Azərbaycan dramaturgiyasının əsasını qoyub. Burada o, tənqidi fəlsəfi əsərlərini də qələmə alıb.
“Tiflisdə teatrın yaranması ilə çoxlarında ədəbiyyat, xüsusən də dramaturgiyaya həvəs baş qaldırdı. O zaman məndə fikir yarandı ki, komediyaları Azərbaycan dilində yazım”, – yazıçı qeyd edirdi.
M.F.Axundov gürcü teatrının yaradıcısı, görkəmli dramaturq Giorgi Eristavi ilə yaxından dostluq edirdi.
M.F.Axundovdan sonra Tiflis Azərbaycan mədəniyyətinin N.Vəzirov, H.Zərdabi, S.Şirvani, C.Məmmədquluzadə, N.Nərimanov, M.Şaxtaxtinski kimi görkəmli nümayəndələrini qəbul edib və yetişdirib. Onların bəziləri Tiflisdə təhsil alıblar, bir hissəsi isə burada dövlət xidmətində olub.
Ardı var
Əvvəli:
Tbilisi və Azərbaycan ədəbiyyatı – I hissə
Həmçinin oxu:
Abbasqulu ağa Bakıxanov və Tiflis – Mütərcim, redaktor, Mirzə Şəfi ilə ədəbi mübahisələr