Tbilisi və Azərbaycan ədəbiyyatı – III hissə

1903-cü ildə Tiflis Şərqşünaslıq Cəmiyyəti Leypsiqdən Tiflisə tanınmış jurnalist Məhəmməd ağa Şahtaxtinskini dəvət edir və o, Tiflisdə elmi iş aparır, tipoqrafiya açaraq “Şərqi-rus” qəzetinin nəşrinə başlayır. Azərbaycanın ilk “Əkinçi” qəzetindən sonra Tiflisdə həmçinin “Kəşkül” və “Ziya” qəzetləri də nəşr olunurdu. “Kəşkül”ün redaktoru Gürcüstan və Azərbaycanın qabaqcıl ziyalıları ilə sıx əlaqələr saxlayan Cəlal Ünsizadə idi.

Cəlil Məmmədquluzadə 1903-cü ildən Tiflisdə yaşayırdı. O, burada “Qeyrət” mətbəəsinin əsasını qoyub və inqilabi ədəbiyyat nəşr etdirir. Onun üçün Tiflis yalnız “Qafqazın paytaxtı” deyildi, doğma şəhər idi. 

Jurnalist zarafatla yazırdı:

“Əgər Şeyx Sənan gürcü qızı sevib Tiflisdə qalıbsa, mən isə burada qaynar həyatı, tərəqqi edən mədəniyyəti sevib qaldım və tiflisli oldum”.

C.Məmmədquluzadə Tiflisin Davıdov küçəsində inqilabi proqressiv-demokratik “Molla Nəsrəddin” jurnalını nəşr etdirirdi və bununla Zaqafqaziya xalqlarının mədəni həyatının tarixində parlaq səhifə yazıb. Jurnalın ilk nömrəsi 1906-cı ilin aprelin 7-də işıq üzü görüb.

1908-ci ildə Bakıda böyük gürcü şairi Akaki Tseretelinin yubileyi keçirilib, tədbirdə yubilyarın özü də iştirak edib. 1911-ci ildə isə Tiflisdə M.F.Axundovun 100 illiyinə həsr olunmuş yubiley axşamı təşkil olunub.

XIX əsrin sonunda A.Tsereteli M.F.Axundovun pyeslərindən birini gürcü dilinə tərcümə edib. Pyes Tiflis teatrının səhnəsində qoyulub. Müəyyən vaxtdan sonra A.Tsereteli neftçilərə rəğbətini ifadə etdiyi “Bakı” şeirini yazıb.

C.Məmmədquluzadə öz növbəsində publisistik yazılarında Zaqafqaziya xalqlarının azadlıq hərəkatında gürcü inqilabçılarının böyük xidmətlərini xüsusilə vurğulayıb. Yazıçı böyük fəxrlə 1905-1907-ci illərdə müsəlmanların al bayraqlarla “Yaşasın azadlıq!” şüarı ilə o zaman Tiflisdə keçirilən nümayişlərə çıxmasından yazırdı.

…Azərbaycan ədəbiyyatında Azərbaycan və gürcü xalqlarının dostluğuna həsr olunmuş bir sıra səmimi və hərarətli sözlər var. Azərbaycanlı yazıçılar Tbilisidə keçirilən böyük mədəni tədbirlərin daimi iştirakçılarıdır. Bakıda isə Rustaveli, Quramişvili, Tsereteli və Barataşvilinin yubiley tədbirləri təşkil olunur.

Gürcü xalqı ilə dostluq nəğməkarı, Azərbaycanın görkəmli xalq şairi Səməd Vurğun gürcü qələm həmkarlarının səmimi dostu olub, G.Leonidze, S.Çikovani, K.Kaladze, İ.Noneşvili ilə sıx əlaqələr saxlayıb.

Tbilisinin azərbaycanlı dostları çiçəklənən Gürcüstan paytaxtını sevirlər.

Əvvəli: