13 iyul 2024
Tbilisinin Botanika bağındakı görkəmli azərbaycanlıların panteonunda Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, həyat və yaradıcılığının 44 ilini Tiflisdə keçirmiş Mirzə Fətəli Axundovun (1812-1878) məzarı üzərində ucalan abidə sənət əsəridir.
Zabit mundirində qədd-qamət, dirsəyini kitaba söykəmiş, fikrə getmiş, baxışları irəliyə yönəlmiş – abidənin müəllifi Gürcüstanın Xalq rəssamı Konstantine Merabişvili (1906-1993) azərbaycanlı mütəfəkkirin tunc büstünü məhz bu formada yaradıb. Postamentin müəllifi memar K.Naxutsrişvili olub. İlkin postament sonradan yenilənib.
M.F.Axundovun qəbirüstü abidəsi 66 il öncə – 1958-ci ilin iyulun 10-da ədibin vəfatının 80-ci ildönümü ilə bağlı açılıb. Bu barədə məlumata vaxtilə Gürcüstan paytaxtında nəşr olunan “Zarya Vostoka” qəzetinin həmin ilin 11 iyul tarixli 160-cı sayında dərc olunan “Xalqlar dostluğunun yeni parlaq təzahürü” başlıqlı məqalədə rast gəlinir.
Məlumata əsasən, açılış mərasimi təntənəli şəkildə keçib, tədbirdə Gürcüstanın o zamankı rəsmi şəxsləri ilə yanaşı Azərbaycandan da nümayəndə heyəti iştirak edib. Gürcüstan Yazıçılar Birliyinin o zamankı katibi Sergi Çilaya çıxışında deyib ki, abidənin açılması böyük yazıçı, filosof və ictimai xadim Mirzə Fətəli Axundovun mənsub olduğu qardaş Azərbaycan xalqına Gürcüstanın mədəniyyət və incəsənət xadimlərinin dərin rəğbət və sevgisinin sübutudur.
Mərasimdə Azərbaycanın Xalq şairi Məmməd Rahim (1907-1977) də nitqlə çıxış edib, abidəyə görə Azərbaycan yazıçıları və xalqının adından qardaş gürcü xalqına minnətdarlığını bildirib. Onun sözlərinə görə, Gürcüstan hər zaman Azərbaycanın mütərəqqi insanlarını qardaşcasına qəbul edib və bu ölkədə bir sıra azərbaycanlı yazıçıların əsərləri ilk dəfə nəşr olunub.
Sovet dövründə M.F.Axundovun anadan olması və vəfatının ildönümləri Tbilisidə xüsusilə qeyd olunardı. Tədbirlər çərçivəsində ədibin məzarı da ziyarət olunurdu. Gürcüstan arxivində bu ziyarətlərin əks olunduğu fotoşəkillər saxlanılır.