Rusdilli Azərbaycan jurnalistikasının banilərindən biri, “Tiflisski vestnik”in şöbə müdiri – İsa Sultan Şahtaxtlı

“Mərhəmətli cənab Həsən bəy. Mən Sizin başladığınız və mənim qəlbimə çox əziz olan iş üçün öz hərarətli arzularımı və səmimi rəğbətimi çoxdan Sizə bildirmək istəyirdim”.

Bu sözlər 1876-cı ilin mayın 9-da “Tiflisski vestnik” qəzetinin əməkdaşı, jurnalist, publisist, ictimai xadim İsa Sultan Şahtaxtlının (1851-1894) Həsən bəy Zərdabiyə “Əkinçi” qəzeti ilə bağlı ünvanladığı məktubda yer alıb.

İ.S.Şahtaxtlı rusdilli Azərbaycan jurnalistikasının banilərindən biri hesab edilir. O, Tiflis realnı gimnaziyasında təhsil alıb, görkəmli gürcü maarifçi David Kipianinin pansionunda, daha sonra onun direktor olduğu gimnaziyada oxuyub. Gənc İsa Sultanın mütərəqqi görüşlərə yiyələnməsində və qabaqcıl bir ziyalı kimi formalaşmasında onun müəllimi – ictimai xadim və alim D.Kipianinin mühüm xidməti olub.

O, Həsən bəy Zərdabiyə səmimi rəğbət və hörmət bəsləyirdi və bunun nəticəsidir ki, o, “Tiflisski vestnik”in oxucularını imkan daxilində “Əkinçi”nin materialları ilə tanış edirdi. Məsələn, “Tiflisski vestlik”in 1876-cı il nömrələrindən birində “Əkinçi”dən üç yazı tərcümə edilərək çap olunmuşdur.

“Tiflisski vestnik” Gürcüstanda və Zaqafqaziyada rus dilində nəşr olunan ilk demokratik mətbuat orqanı idi. 1873-cü ildə əsası qoyulmuş ədəbi-siyasi qəzet 1880-ci ilə qədər fəaliyyət göstərib, 1906-cı ildə eyniadlı gündəlik qəzetin nəşrinə icazə verilib.

İ.S.Şahtaxtlı 1875-ci ildə 22 yaşında ikən Niko Nikoladzenin (publisist, qəzetin ideya müəllifi və əməkdaşı) təklifi ilə bu qəzetdə fəaliyyətə başlayıb, az sonra isə həmin qəzetin siyasi məsələlər şöbəsinin mudiri olub. Şahtaxtlının bu qəzetdə işlədiyi 1875-1877-ci illər onun jurnalistlik fəaliyyətinin ən məhsuldar dövrüdür. “Tiflisski vestnik”in səhifələrində İ.S.Şahtaxtlı Azərbaycan xalqının maariflənməsi, xurafat yuxusundan ayılması və mədəni inkişaf yoluna düşməsi kimi əhəmiyyətli məsələlərə toxunurdu. Onda rus dilində ilk Azərbaycan mətbuat orqanı yaratmaq ideyası da baş qaldırmışdı. O, 1876-cı ildə rus dilində “Kavkazski almanax” adlı illik məcmuənin nəşri üçün Qafqaz canişinliyi Baş idarəsinin rəisinə ərizə ilə müraciət edir. Bu cür məcmuənin nəşri məqsədəuyğun sayılmadığından xahiş rədd olunur. Lakin İ. S. Şahtaxtlı almanaxı çap etmək fikrindən əl çəkmir. İnadlı, gərgin mübarizələrdən sonra o, nəhayət, “Kavkazski almanax”ı iki min nüsxə tirajla çap etmək üçün 1877-ci il martın 11-də rəsmi icazə ala bilir.

1880-ci ildə “Tiflisski vestnik”in bağlanmasından sonra İ.S.Şahtaxtlı Rusiya-Türkiyə müharibəsinə göndərilir. Yalnız birinci nömrəsi çıxan “Kavkazski almanax”ın nəşri də dayandırılır.

O, Qars şəhərində vilayət rəisi yanında xüsusi tapşırıqlar üzrə məmur, baş məmur, daha sonra hərbi idarə və mülki işlər üzrə dəftərxanada müdir vəzifəsində çalışır. 1883-cü ilin aprelin 24-dən Kars vilayəti hərbi qubernatoru dəftərxanasına da müdir təyin edilir. O, Tiflisdə başladığı jurnalistlik fəaliyyətini Qarsda davam etdirir və 1882-ci il oktyabrın 18-də nəşrinə icazə verilən “Kars” (“Qars”) qəzetinin yaradıcısı və ilk redaktoru olur.

Ömrünün son illərini maddi ehtiyac içində keçirən İ. S. Şahtaxtlı çara 1879-cu ilin iyunun 26-da ünvanladığı ərizəsində səhhəti ilə bağlı üçaylıq məzuniyyət istəsə də, onun müraciətinə laqeyd yanaşılır. O, 1894-cü ildə ürəkkeçmə xəstəliyindən yatağa düşür və həmin ilin oktyabrın 17-də 43 yaşında (bəzi mənbələrdə 41 yaşında) vəfat edir.

Tiflisdə nəşr olunan qəzetlərdə Şahtaxtlının vəfatı ilə bağlı nekroloqlar dərc olunmuş, Azərbaycan-gürcü ədəbi-ictimai əlaqələri tarixində bir iz qoyub gedən İ. S. Şahtaxtlının xatirəsi yad edilmişdi. Onun ölümündən bir neçə gün sonra görkəmli gürcü yazıçısı İlya Çavçavadzenin redaktorluğu ilə nəşr olunan “İveriya” qəzeti yazırdı:

“Bazar ertəsi, oktyabrın 17-də Tiflisdə Kars valisi dəftərxanasının mudiri İsa Sultan Şahtaxtinski qəflətən vəfat etmişdir. O, “Kars” qəzetinin redaktoru idi. Xüsusilə 1870-ci ildən sonra böyük hörmət qazanmış və o vaxtlar nəşr olunan “Tiflisski vestnik” qəzetində əməkdaşlıq etmişdi. Bundan başqa o, “Nedelya” qəzetinin və digər mərkəzi qəzetlərin müxbiri olmuşdur”.

Şahtaxtlı oktyabrın 21-də Tiflisdə indiki Botanika bağı ərazisindəki keçmiş müsəlman qəbirstanlığında dəfn olunub. Bu barədə “Qafqaz” qəzetinin 1894-cü il 7 noyabr tarixli 296-cı sayında verilən nekroloqdan məlum olur. Nekroloqda bildirilib ki, azərbaycanlı jurnalistin dəfnində böyük izdiham iştirak edib.

“İştirak edənlərin üzlərində səmimi kədər var idi; 41 yaşında vaxtsız vəfatı zəka və təhsilinə görə qabiliyyətli və görkəmli müsəlmanın həyatına son qoydu”, – nekroloqda deyilir.  

Təəssüflər olsun ki, İ.S.Şahtaxtlının Tbilisidəki məzarı günümüzə kimi gəlib çatmayıb.

__________________

İstifadə olunmuş mənbə:

Adil Mişiyevin “Azərbaycan yazıçıları və Tiflis ədəbi-bədii mühiti (1820-1905)” kitabı. Tbilisi -1987