Gürcü şairi Nikoloz Barataşvilinin “Merani” şeiri lirikanın zirvəsi və Gürcüstan poeziyasının rəmzi hesab edilir. Şeirin qəhrəmanı gürcü folklorundan olan “Merani” ləqəbli sehrli atdır. “Merani” yalnız xəyali at deyil, həmçinin poetik təxəyyüldür.
Gürcü poezisiyasının ən məşhur nümunəsini dilimizə ilk tərcümə edənlərdən biri böyük şairimiz, tərcüməçi Abbas Səhhət olub. O, şeiri N.Barataşvilinin 100 illiyinin qeyd olunduğu 1916-cı ildə Azərbaycan dilinə çevirib. A.Səhhət məna baxımından tərcümə etdiyi şeiri “N.Barataşvili nəşidələrindən” adı altında təqdim edib.
Aziz.ge oxucularının həmin şeirlə tanış edir.
Qoy edim indi tərkü-darü diyar,
Çəkim ancaq ürəkdə möhnətini.
Vətən əhlindən olmuşam bizar,
Görməyim onların da surətini.
***
Zülmətə nur bizdə üstündür,
Orada kəndimə məkan arayım,
Nerədə xalq elmə düşgündür,
Orada yarü həmzəban arayım.
***
Bulmasam qəm şəriki büldanda,
Üz qoyub çöllərə, fəğan edərəm.
Çəkdiyim gizli dərdi ol anda,
Göydə ulduzlara bəyan edərəm.
***
Öldüyüm halda xaki-paki-vətən –
Olmasın qoy cənazəmə mədfən.
Bacımın gözyaşı gəlib cuşə,
Çəkməsin qəbrimi heç ağuşə.
***
Toplanıb qarğa, sağsağan, quzğun,
Yeyib etsin cənazəmi pozğun.
Çürümüş meyyitim qübar olsun…
O da taraci-ruzgar olsun.
***
Yüyür, ey tünd yürüşlü yorğa atım,
Ta ki, sərmənzili-muradə çatım.
Arayır, iştə, rakibin ölümü,
Çaparaq get, qısalt uzun yolumu.
Edirəm mövtü kəndim istiqbal,
Qoy əcəl eyləsin məni pamal.
Həmçinin oxu:
Abbas Səhhətin Tsereteli və Barataşvilidən tərcümələri – “Şair”, “Xanəndə Qoqi”, “Merani”