“Şəfiqə” ­– Gürcü şairəsinin Azərbaycan qızına həsr etdiyi şeir

Ana Kalandadze (1924-2008) dövrünün ən görkəmli gürcü şairələrindən biri olub. O, həmçinin rus və Avropa poeziyasından gürcü dilinə tərcümələr də edib.

Şairənin şeirləri rus, ingilis, fransız, polyak və digər dillərə tərcümə olunub. Rus dilinə tərcümələr isə tatar əsilli tanınmış rus şairəsi Bella Axmadulinaya (1937-2010) məxsus olub.

A.Kalandadze vətəni Gürcüstan, onun tarixi və təbiətinə həsr olunan çox sayda şeirlər qələmə alıb.

Onun şeirləri arasında “Azərbaycanlı qız” və “Şəfiqə” adlı poeziya nümunələrinə də rast gəlinir. Aziz.ge  Əflatun Saraçlının dilimizə tərcümə etdiyi ilk şeirlə oxucularını tanış edib.  

Bu dəfə Valeh Hacıyevin Azərbaycan dilinə tərcümə etdiyi “Şəfiqə” şeirini təqdim edirik. 1956-cı ildə yazılmış şeir Azərbaycan qızı Şəfiqə Şahbazovaya həsr olunub.

Gözəl bacım, ay Şəfiqə,

Vurulmuşam sizin kəndə.

Heç darıxma yenə gəlləm

Göy otlara şeh düşəndə.

***

Heyran-heyran dinləyərəm

Şirin-şirin söhbətini,

Öz ruhuma çiləyərəm

Sözlərinin şərbətini:

***

-Bax, bu bizim kənd soveti,

Bu da bizim məktəbimiz…

Ağ pambıqlı tarlalara

Tələsirik hər ikimiz.

***

Ürəyimiz bir döyünər,

Əllərimdən yapışarsan.

Ayrılarkən gözün dolar,

Kövrək-kövrək danışarsan.

***

Sənə olan məhəbbətim

Sağ ol bacım, bir ümmandır,

Görüşümüz nə şirindir,

Bu ayrılıq nə yamandır!

***

Qəmli-qəmli gülümsünüb

Pıçıldarsan: – Sən də sağ ol!

Yollarını gözləyərəm,

Gürcü qızı, uğurlu yol!

***

Şirin-şəkər söhbətini

Unutmaram ömrüm boyu,

Bir də səni görmək üçün

Sanıyıram günü, ayı.

Həmçinin oxu: