Azərbaycanın at üstündə milli oyunlardan biri olan çövkən milli-mənəvi sərvətimiz olaraq nəsillərdən-nəsillərə ötürülərək günümüzə qədər gəlib çatıb. Çovqan ənənəvi Qarabağ atüstü oyunu 2013-cü il dekabrın 3-də YUNESKO-nun Təcili Qorunmaya Ehtiyacı Olan Qeyri-Maddi Mədəni İrsin Siyahısına daxil edilib.
Gürcülərdə də çövkənə bənzər atüstü milli oyun var. Elə adının ilk hecası da çövkən sözünə bənzəyir . Çoqanburti. Çoqani sözü dilimizə tərcümədə “raketka”, burti isə “top” deməkdir. Oyunun digər adı tsxenburtidir – at və top sözlərinin birləşməsidir.
Çövkən atlarla xokkey oyunudursa, çoqanburti at üstündə tennisdir.
Maraqlıdır ki, böyük gürcü şairi Şota Rustavelinin “Pələng dərisi geymiş pəhləvan” poemasında “çoqan” alətinin adına rast gəlinir. “Atlı çoqanla topa zərbə vursun” sətrindən aydın olur ki, bəhs edilən oyun məhz çövkəndir. Çünki çoqanburtidə topa zərbə endirilmir, onu torlu kürəkciklə tuturlar.
Əsərdə çövkən şeir sənətinə bənzədilib.
Böyük şairimiz Əhməd Cavadın tərcüməsində poemadan bir hissə:
Uzaq mənzil, uzun səfər cins at üçün olur sınaq,
Top oyununda geniş meydan, düzgün vuruş qazanır haq.
Şairlər də nəzm atını çapar şeir meydanında,
Tükənincə şair sözü seyrəkləşir şeir ancaq.
***
Bir şair ki, yazmaq üçün mat dayanar, kəlmə gəzər,
Gəlin onun həm şeirinə, həm özünə qılın nəzər;
Ondan bir şey gözlənələrmi, dənliyində söz yox ikən —
Hardan ilham alacaqdır, uçmaq üçün varmı hünər?
Rus dilində aşağıdakı iki bənddə “çoqan” sözü tərcümədə saxlanılıb.
Как по длинным перегонам проверяют скакуна,
Как по взмаху и размаху ловкость мячника видна —
Так и силы стихотворца мерит повести длина.
Не должна же сокращаться в затруднениях она.
***
На певца тогда смотрите, как опасность велика!
Чтоб слова не поредели и не стала речь мелка,
Напрягаться всё сильнее нужно силам ездока:
В мяч без устали чоганом пусть разит его рука.