Bu şəhərdə nə görsən heyran qoyur insanı — Akaki Tseretelinin “Bakı” şeiri  

Gürcüstan ədəbiyyatının görkəmli nümayəndələrindən biri Akaki Tsereteli (1840-1915) dəfələrlə Bakıda olub, şəhərin həyatı və əhalisi ilə tanış olub. O, həmin səfərlərdən birindən aldığı təəssürat nəticəsində “Bakı” şeirini yazıb.

1912-ci ildə qələmə alınan şeirdə o zamankı Bakının mənzərəsi təsvir edilib. A.Tsereteli böyük iftixarla Bakının təbii sərvətlərindən danışıb, azərbaycanlı fəhlələrə səmimi məhəbbətini ifadə edib, istismarçılara qarşı qəzəbini gizlətməyib. Poeziya nümunəsini dilimizə Əlixan Binnət tərcümə edib.

Aziz.ge həmin şeiri təqdim edir.

Xəzərin sahilində

Böyük şəhərdi Bakı.

Elə sevdim, oxşadım,

Canım-qanımdı sanki.

***

Bu şəhərdə nə görsən

Heyran qoyur insanı.

Dənizə söykənsə də,

Boz səhradı dörd yanı.

***

Gecə külək vıyıldar,

Gündüz külək vıyıldar,

Axşam külək yatırar,

Səhər külək ayıldar.

***

Hara getsən, nə yesən

Neft ilənir, neft dadır,

Təkcə pulun dadı yox!-

Pulun dadı puldadır.

***

Özlərini öyən kim,

Gözlərini döyən kim.

Külüng vuran, tər tökən,

Çalışan kim, yeyən kim.

***

Tağıyev, Nağıyevdi,

Muxtar, Musa Alıdı.

Bu günün milyoneri

Dünənin hambalıdı.

***

Biri daş yonan idi,

Biri torpaq qazandı,

Qəpik-quruş qazanan

Birdən milyon qazandı.

***

Taleyin hökmünə bax,

Kim ucaldı, kim endi.

Dünən baş əyənlərə

Dünya baş əyir indi.

***

Axıb dolur ciblərə

Qara qızıl gurhagur.

Harda ki, fontan vurur,

Orda milyoner durur.

***

Budur avtomobildə

Gözəl bir qadın gedir.

O boy-buxun, o qaş-göz

Adamı heyran edir.

***

Bax belə yarın ola,

Yaxşı dövran sürəsən,

Hansı bəxtəvərindi,

Kimdi əri görəsən?

***

Kasıblara kim verər

Belə gözəl arvadı,

Bir milyoner evində

Tora düşüb, dardadı.

***

Hər dövrün bir dərdi var,

Hər dövrün bir kəsiri.

Əsrimiz pul əsridi,

Qızıl-gümüş əsiri.

***

Heyrətimdən donubdur

Damarımda qan, Bakı.

Dərdinə sevinmirəm,

Anla məni, can Bakı!