“Arşın mal alan”ın gürcücə səhnəyə qoyulması, Üzeyir Hacıbəylinin İvane Qiqoşviliyə hədiyyəsi

İvane (Vano) Qiqoşvili (1891-19??) Gürcüstanın görkəmli teatr xadimlərindən biri və dramaturq olub. O, Gürcüstanda XIX əsrin əvvəllərində teatr truppalarının yaradılmasında və tamaşaların qoyulmasında böyük rol oynayıb, səhnə əsərlərində aktyor kimi də çıxış edib.  

İvane Qiqoşvili

Saqareco rayonunda anadan olmuş V. Qiqoşvili Azərbaycan dilini bilirdi və 1916-cı ildə Tiflisdə şöhrət qazanmış “Arşın mal alan” əsərini dostu Ş.Qomelaurinin məsləhəti ilə gürcü dilinə tərcümə edib.

Onun xatirələrindən:

“Dostlarım mənə dedilər: Vano, sən ki, azərbaycanca yaxşı bilirsən, gəl Telli ilə Vəlini gürcücə danışdıraq. “Arşın mal alan”ı gürcücəyə tərcümə et”.

V. Qiqoşvili əsəri əldə etmək üçün Tiflisdə Azərbaycan dilində kitabların satıldığı mağazaya yollanır. Qeyd edək ki, həmin mağazanın mollanəsrəddinçi, aktyor və jurnalist İsmayıl Həqqiyə (1884-1938) məxsus olmasına dair məlumatlar var.

“Mən indiki Leselidze küçəsindəki Azərbaycan kitabları satılan mağazaya getdim və mağaza sahibindən soruşdum ki, sizdə Üzeyir Hacıbəyovun “Arşın mal alan” kitabı var? Mağaza sahibi gülümsəyib məndən soruşdu ki, o kitab sənin nəyinə lazım? Mən cavab verdim ki, onu gürcü dilinə tərcümə etmək istəyirəm, görüm bir şey çıxacaqmı?”.

Satıcı bundan çox sevinir və həmin kitabı ona verir.

V. Qiqoşvili üç aydan sonra tərcüməni başa çatdırır. O, tərcüməni götürərək “Teatri da tsxovreba”  (Teatr və həyat) jurnalının redaksiyasına gedir və jurnalın redaktoru İ. İmedaşviliyə təqdim edir. O, tərcüməni bəyənir və Qiqoşviliyə məsləhət görür ki, əsəri tamaşaya qoymaq üçün senzura idarəsindən icazə alsın. Müəllifin də razılığını almaq lazım idi. İ. Qiqoşvili bu məqsədlə Bakıya Üzeyir Hacıbəyovun yanına gedir. Ü.Hacıbəyov tərcüməni bəyənir, onun əlini sıxaraq deyir:

“Arşın mal alanı”ı gürcü tamaşaçılarının mühakiməsinə verməyə həvəslə razıyam. Xatirə üçün bu şəklimi də sizə verirəm. Bəlkə bu şəkil sizdə mənim yeni əsərlərimi tərcümə etməyə həvəs oyatdı”.

V.Qiqoşvili Tbilisiyə qayıtdıqdan sonra yenidən “Teatri da tsxovreba” jurnalının redaksiyasına gedərək qiymətli hədiyyəni və “Arşın mal alan”ın gürcücəyə tərcüməsinin çap olunması haqqında müəllifin yazılı razılığını İ. İmedaşviliyə göstərir.

V.Qiqoşvili əsəri tamaşaya qoymaq üçün çar canişinliyi idarəsindən icazə aldıqdan sonra kiçik truppa fədakarlıqla işə girişir, gecə-gündüz çalışaraq üç aydan sonra tamaşanı hazır edir. İlk tamaşadan başlayaraq əsər uğur qazanır.

Teatrşünas Tamar Qomarteli yazır:

“Hamı artistləri gurultulu alqışlarla qarşılayırdı. Gürcü ictimaiyyəti operettanı öz dilində ilk dəfə dinləyirdi. Gecədən xeyli keçmiş tamaşa sona yetdi, lakin gurultulu alqışlar kəsilmək bilmirdi. Tərcüməçini səhnəyə dəvət edirdilər, ona razılıq hissi ilə baxırdılar… İlk tamaşadan sonra gürcü “Arşın mal alan”ının saysız-hesabsız pərəstişkarları meydana çıxdı. O gündən etibarən “Arşın mal alan” həftədə üç-dörd dəfə teatr və klub səhnələrində tamaşaya qoyulurdu”.

Üzeyir Hacıbəylinin V.Qiqoşviliyə hədiyyə etdiyi fotoşəkli onun haqqında məlumatla birgə “Teatri da tsxovreba” jurnalının 1916-cı il 28 avqust tarixli 35-ci sayında dərc olunub. Dərginin həmin sayında şəklin yer aldığı səhifəni təqdim edirik:

“Teatri da tsxovreba”nın həmin dövrə aid saylarından məlum olur ki, V.Qiqoşvili Ü.Hacıbəylinin “O olmasın, bu olsun” əsərini də gürcü dilinə tərcümə edib. Bununla bağlı elan nəşrin 1917-ci il 18 iyun tarixli 25-ci sayında yer alıb. Elanda bildirilib:

“Vano Qiqoşvili Üzeyir bəy Hacıbəyovun “O olmasın, bu olsun” (Məşədi İbad) tatar operettasını gürcücəyə tərcümə edib. Operetta artıq hazırlanır və tezliklə səhnəyə qoyulacaq”.

Bu, onu sübut edir ki, Ü.Hacıbəylinin V. Qiqoşviliyə təqdim etdiyi fotoşəkil gürcü dramaturqu onun yeni əsərlərini tərcümə etməyə həqiqətən də həvəsləndirib.

Üzeyir Hacıbəylinin bu il qeyd ediləcək 140 illik yubileyinə həsr olunan ilk məqalədir.  

Məqalədə Alxan Binnətoğlunun “Teatr haqqında söhbətlər” kitabından (Bakı-2009) istifadə edilib.

Cəmilə Babayeva

Aziz.ge