Bakıda bank açan, Ağa Musa Nağıyevdən neft buruqları alan gürcü — “İranın tacsız şahı” kim olub?

Akaki Xoştariya (1873-1932) maliyyəçi, sənayeçi, ictimai xadim və xeyriyyəçi olub. Fəaliyyəti Türkiyə və İranı əhatə etsə də, əsas fəaliyyət yeri Bakı olub.

Aziz.ge gürcü mənbələrinə istinadla gürcü xeyriyyəçi haqqında ətraflı məlumat təqdim edir.

Bağbanlıqdan sahibkarlığa – Tam təsadüf

Xoştariya Sankt Peterburqda Kənd təsərrüfatı texnikumunu bitirmişdi. O, Qara dəniz bölgəsində Batumi bulvarı da daxil olmaqla bağların salınması işlərinə rəhbərlik edib. Bağban-dekorator kimi 10 il çalışandan sonra ticarət sahəsinə meyllənir və sahibkarlıqla məşğul olur. Akaki Xoştariyanın bu sahəyə keçməsi tam təsadüf nəticəsində baş verir. O, bir dostu ilə ticarət gəmisində satmaq üçün Odessaya kerosin aparır, lakin Tuapse şəhəri yaxınlığında fırtına gəmini Türkiyə istiqamətinə yönəldir. Akaki dostu ilə birgə kerosini Türkiyədə qızıl qiymətinə satır. Bu hadisə Akakini sahibkarlıq fəaliyyəti haqqında düşünməyə vadar edir.

Xoştariya və Ağa Musa Nağıyev, Bakıda iri sənaye şirkəti

Akaki Türkiyədən Bakıya gedir. Ağa Musa Nağıyevdən neft buruqları alır, həmçinin Batumidə səmhlərlə ticarət edir və tamamilə neft sənayesi fəaliyyətinə keçir. 

Birinci Dünya müharibəsi dövründə Akaki Xoştariya Bakıda iri sənaye şirkəti yaradır. Həmin şirkət neft sənayesi sahəsində görkəmli sənayeçi-kapitalistləri birləşdirir və Cənubi Qafqazda, İranda ticarət əməliyyatları aparır. Britaniya kəşfiyyatının polkovniki Merab Kvitaşvili xatirələrində yazır:

“Bakıda atam neft hasilatı sahəsində çalışan gürcülərdən ibarət böyük qrupla əlaqə saxladı. Bu qrupa o vaxt Gürcüstanda yeganə əsl milyonçu Akaki Xoştariya başçılıq edirdi. O, İranda sənaye müəssisələrini alaraq “Repento” adlı (“Русско-персидское нефтяное товарищество”) firma yaratdı. Bu, gürcülərin indiyə qədər yaratdığı ən böyük və maliyyə cəhətdən ən güclü firma idi, prezidenti Akaki Xoştariya idi”.

Bakıda “Xoştariya bankı”, “İranın tacsız şahı”

“Repento” ilə yanaşı A.Xoştariya Bakıda “Xoştariya bankı” adlı türk-fars maliyyə təşkialtı da yaradır və bir sıra aparıcı ölkələrlə maliyyə əməliyyatları aparır.

1913-cü ildə A.Xoştariya şimali İranın torpaq sahibləri ilə 99 illik müqavilə bağlayır, kapitalı bir neçə milyon rubl təşkil edən “Persles” cəmiyyəti təsis edir. O, həmçinin emalatxanalar, fabriklar və şalbanların daşınması üçün xüsusi dəmir yolu xətti çəkdirir. Bu, İranda ilk dəmir yolu xətti idi.

Akaki sahibkarlıq və ticarət fəaliyyəti ilə İran şahının sarayında böyük nüfuz qazanır. Berlində nəşr olunan gündəlik rus-demokratik “Ruli” qəzetinin jurnalisti Vladimir Nemqins 1924-cü ildə yazdığı məktubunda Akaki Xoştariyanı “İranın tacsız şahı” və I Dünya müharibəsinin əvvəlində “Gürcüstan və İranın əhəmiyyətli bir hissəsinin faktiki sahibi” adlandırmışdı.

Xoştariyanın Tbilisidə də zavod və fabrikləri olub. O, Zaqafqaziya bankının Direktorlar Şurasının üzvü olub, milli-demokratik “Gürcüstan” qəzetini maliyyələşdirib, Noe Jordaniyanın hökumətinə maliyyə dəstəyi göstərib.

Xoştariyanın evi. Abaşa bölgəsi, Sucuna kəndi

Gürcüstan Demokratik Respublikasının devrilməsindən sonra əvvəlcə Türkiyəyə, daha sonra Parisə mühacirət edib, 1923-cü ildə isə Tehrana qayıdıb.

Bakıdan alınan məxfi teleqram Akakinin həyatını xilas edir

Gürcüstanda sovet hakimiyyətinin qurulmasından sonra A.Xoştariya iqtisadi cəhətdən zəifləyən vətəninə kömək etmək üçün əlindən gələni edirdi. Buna görə də o, sovet hökuməti ilə münasibətləri kəskinləşdirməməyə çalışırdı. 1920-ci ildə aclıq zamanı kommunistlərin xahişi ilə Xoştariya “Sovet İttifaqı və Xoştariya” şirkəti təsis edir. O, öz puluna İranda çörək alıb Bakıya göndərirdi, Bakıdan isə “Xoştariya çörəyi” başqa ölkələrə çatdırılırdı. Sonda kommunistlər söz verilən məbləği Xoştariyaya köçürmürlər və bu işi ört-basdır etmək üçün onu həbs etdirməyə qərar verirlər. Akaki qaçmağa nail olur, çünki Bakıdan tutulacağı ilə bağlı məxfi teleqram alır. O, gəmi ilə yola düşür və beləliklə də sağ qalır.

Bakıdan Tbilisiyə yardım, gürcü yazıçılara bağışlanan ev

Akaki Xoştariya xeyriyyəçilik ilə fəal məşğul olub. 1907-ci ildə Bakıdan Tbilisiyə yeni yaradılmış Tarixi-etnoqrafiya cəmiyyəti üçün 8 min rubl göndərib. 1915-ci ildə avroplaı memarların köməyi ilə Abaşanın Sucuna kəndində anasının şərəfinə ev tikdirib. Daha sonra həmin bina kəndə təhsil ocağı kimi bağışlanıb. 1914-cü ildə Tbilisi sakinlərinin xahişi ilə məşhur sənayeçi David Saracişvilinin evini alıb, tikilini yenidən qurub, yay və qış bağları yaradıb. Hazırda həmin binada Gürcüstan Yazıçıları Evi yerləşir. Tikilidə olan şir fiqurları və digər qiymətli əşyaların Xoştariyanın İtaliyadan gətirdiyi bildirilir. O, müəyyən vaxtdan sonra Fransaya köçməyə qərar verir və yaxın qohumu Dutu Minqreli vasitəsilə gürcü yazıçılara bildirir ki, öz evini və əmlakını onlara bağışlayır.

A.Xoştariya Fransada rəsm əsərləri alaraq Gürcüstanın İncəsənət Muzeyinə hədiyyə edib. Onun hesabına çox sayda istedadlı gürcü tələbələr xaricdə təhsil alıb. O, həmçinin Konstantinopolda (1930-cu ilim martın 28-dək İstanbulun adı) yaratdığı türk-fars bankında gürcüləri işlə təmin edib.

Xoştariyanın xanımı Tehranda, özü Parisdə dəfn olunub

Xoştariyanın həyat yoldaşı Minadora (1881-1924) adlı xanım olub. Onun atası Poti bankının direktoru və iri sənayeçi idi. Minadora 1924-cü ildə ürəktutmasından vəfat edib. O, Tehranda pravoslav qəbirstanlığında dəfn olunub. Məzarı üzərində tikilmiş kiçik kilsə və sərdabə İran ərazisində yeganə gürcü memarlığı nümunəsidir.  

Xoştariya özü 1932-ci ildə 59 yaşında qəfil vəfat edib. Şam yeməyi zamanı qida parçası onun nəfəs borusunu zədələyib. Diabet xəstəsi olduğundan boğazı şişib və həyatını xilas etmək mümkün olmayıb. Parisdə Per-Laşez məzarlığında dəfn olunub.  

Minadora və Akakinin öz övladları olmayıb. Onlar bir qız uşağını övladlığa götürüblər.

İranın Gilan əyalətində Ənzəli kurort şəhərində, Xəzər dənizinin sahilində bu günə qədər Akaki Xoştariyanın gözəl bağı olan sarayı qorunub saxlanılıb. Binanın ilk mərtəbəsində Hərbi-dəniz muzeyinin olduğu, ikinci mərtəbədə isə Akaki Xoştariyanın şəxsi əşyalarının sərgiləndiyi bildirilir.