Uşaqlığı, gənclik illəri Tbilisidə keçmiş, hazırda Azərbaycanda və digər ölkələrdə yaşayan azərbaycanlılar çoxdur. Doğma şəhər onları hər zaman özünəməxsus cazibə qüvvəsi ilə özünə çəkir, axı ömürlərinin ən xoş çağları Tiflislə bağlı olub. Nazlı Acalova (Hüseynova) da həmin azərbaycanlılardandır. Onunla ötən gün Axundov kafesində tanış oldum. Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyini ziyarət etmək istədiyini bildirdi. İş günü başa çatsa da, Nazlı xanımı muzeyə dəvət edib onunla bir otaqları gəzdim. Tanışlığımız Nazlı xanımın, elə mənim qəldimdə də dərin bir iz buraxdı.

Binada muzeyə çevrilməmişdən öncə mənzillər olub. Nazlı xanımın bibisi Fatma Acalova 40 ildən çox həmin mənzillərdən birində yaşayıb. Bibisinin evi Nazlı xanımın ən çox sevdiyi məkan olub. O, vaxtilə ailəsi ilə birgə yaxınlıqdakı Mirzə Fətəli Axundov küçəsində yaşayıb. Təhsil aldığı 73 saylı M.F.Axundov adına azərbaycandilli məktəb də bibisigilin yaxınlığında yerləşib. Nazlı xanım danışır ki, uşaqlıq və gənclik dövrünün böyük hissəsi bibisigildə keçib. O, muzeyin otaqlarını gəzdikcə məkanın əvvəllər necə olduğunu xırda detallarına qədər xatırlayır. Bibisinin mənzilinə aid olmuş hissəyə yaxınlaşır. Xatirələrə dalır, keçmişə səyahət edir, nostalji hisslər keçirir. Nazlı xanım çox təsirlənir, hətta həyəcanlanır. Muzey otaqlarının birində köhnə lampanı görüb, “bibimin də eyni bu cür lampası var idi” deyir. Vaxtilə Fatma xanımın mənzilinə aid eyvan tərəfdə xeyli dayanır. Uşaqlıqdan hafizəsinə həkk olunmuş Kür çayının mənzərəsinə səssiz baxır. “Telefonunuzu verin, fotoşəklinizi çəkim” deyib sükutu pozuram. “Bibisinin eyvanı”nda Nazlı xanımın fotolarını çəkirəm. Özü də eyvandan açılan ona doğma mənzərəni telefonunun yaddaşına köçürür.
Elə bu anda yadıma bir fotoşəkil düşür. Ötən ilin aprelində Gürcüstan arxivində aşkarladığım ağ-qara foto. 1942-ci ilə aid fotoşəkildə Mirzə Fətəli Axundovun yaşadığı evə ədibin ilk xatirə lövhəsinin vurulması əks olunub. Telefonumda müəllifi olduğum Aziz.ge saytında həmin fotoşəklin yer aldığı məqaləmi tapıb Nazlı xanıma göstərirəm. Baxır və gözlərinə inanmır. Fotoda ikinci mərtəbədə eyvandan boylanan xanımı görcək “A, bibimdir!” deyir. Əmin olmaq üçün eynəyi ilə fotoşəklə daha yaxından baxır. “Bibimdir. Özüdür” deyir. Fatma Acalova fotoda ona məxsus mənzilin eyvan hissəsində dayanıb. Nazlı xanım və mən də fotoşəklə məhz həmin yerdə baxırıq. Nazlı xanım telefon nömrəsini mənə verib fotoşəkli ona göndərməyimi xahiş edir. Xahişini dərhal yerinə yetirirəm.

Bina 1983-cü ildə muzeyə çevriləndə Fatma Acalova Qldani rayonunda mənzillə təmin olunub. Ailəsi olmayıb, qardaşı qızı Nazlı xanım bibisinin xatirəsini çox əziz tutur, onun Tbilisinin Ortaçala qəbirstanlığındakı məzarını da ziyarət edib.
Nazlı xanım mənə kinorejissor Arif Babayevin 1979-cu ildə çəkdiyi “Bizi bağışlayın” filmindəki Həsən Məmmədovun yaratdığı Nəriman obrazını xatırlatdı. Nəriman illər sonra Bakıda uşaqlığının keçdiyi məhəlləyə gəlir, amma yaşadığı binanı tapa bilmir, çünki beş il öncə sökülüb. Pinəçi ondan kimi axtardığını soruşanda o deyir: “Uşaqlığımı”. Kinoqəhrəmandan fərqli olaraq, Bakıdan gələn Nazlı xanım Tbilisidəki uşaqlığını, elə gəncliyini də tapır. Çünki həm özünün, həm bibisinin yaşadığı evlər, həm də təhsil aldığı məktəb bu gün də durur. Tikililər yalnız cansız daş abidələr deyil, həm də hər daşı ilə xatirələri və tarixi özündə qoruyub saxlayanlardır.
Nazlı xanım Tbilisidə 1946-1990-cı illərdə fəaliyyət göstərmiş A.S.Puşkin adına Tbilisi Pedaqoji İnstitutunun Azərbaycan dili və ədəbiyyatı fakültəsini bitirib. Ailəsi ilə birgə 1990-cı illərin əvvəllərində Bakıya köçüb. Nazlı xanım mədəni, mehriban və ziyalı xanımdır. Heç şübhəsiz ki, həmin dövrdə Tbilisidən gürcü millətçiliyi səbəbindən azərbaycanlıların məcburi kütləvi köçü baş verməsəydi, indi Gürcüstan paytaxtında Nazlı xanımın da təmsil olunduğu nüfuzlu ziyalı elitamız olardı. Tbilisinin kökənli sakinləri olan azərbaycanlıların şəhərdən sıxışdırılıb çıxarılması ilə gələcəyin azərbaycanlı ziyalı elitası da məqsədyönlü şəkildə sıradan çıxarılıb.
Nazlı xanımla vidalaşıram. O, bir neçə dəqiqədən sonra mənə belə mesaj yazır: “Mənə bu gözəl anları yaşatdığınız üçün sizə çox minnətdaram”. İkinci mesajında isə üzrxahlıqla xahiş edir ki, həmin köhnə lampanın fotoşəklini çəkib ona göndərim. O, xoş xatirələrə daldığına görə lampanı görən zaman fotosunu çəkməyi unutmuşdu. Nazlı xanımın bu xahişini də həvəslə yerinə yetirdim. “Nə yaxşı ki, sizinlə tanış olduq” mesajını yazıb təşəkkürünü bildirir.

Qeyd edim ki, Acalov soyadının kökü tarixi Borçalı mahalına aiddir. Bu nəslin ən görkəmli və tanınmış nümayəndəsi Emin ağa Acalovdur (1868-1937). O, mahalın Kəpənəkçi kəndində anadan olub, Borçalı Qarapapaq Türk Cümhuriyyətinin qurucusu, Qars Milli İslam Şurası Ümumi Mərkəzinin başçısı, Qars Milli İslam Şurası Hökuməti başçısının müavini olub.
Nazlı xanımla təsadüfi tanışlığımın yaratdığı xoş duyğular qəlbimi bürüyüb. Həm də bir daha əminlik hissi yaradıb ki, Tbilisidə izlərimizlə bağlı böyük maraqla apardığım araşdırmalarım, tapıntılarım, bir ildən çoxdur fəaliyyətdə olan müəllif saytım da əbəs deyil.
Cəmilə Babayeva