Tiflisdə Azərbaycanın böyük dramaturqu Mirzə Fətəli Axundovun komediyalarından ibarət ilk toplu 1853-cü ildə işıq üzü görüb. Qafqaz canişininin mətbəəsində nəşr olunmuş “Mirzə Fətəli Axundovun komediyaları” adlı kitaba ədibin müxtəlif vaxtlarda “Qafqaz” qəzetində rus dilində çıxan 5 komediyası daxil edilib. Həmin əsərlər “Hekayəti- Molla İbrahimxəlil kimyagər”, “Hekayəti xırsi-quldurbasan”, “Hekayəti-müsyö Jordan həkiminəbatat və dərviş Məstəli şah caduküni-məşhur”, “Sərgüzəşti-vəziri -xani Sərab” və “Sərgüzəşti mərdi-xəsis” (Hacı Qara) komediyalarıdır.

220 səhifədən ibarət kitabı çap etdirmək üçün Axundova xəzinə hesabından geri qaytarmaq şərti ilə 400 manat borc verilmişdi. Kitab satılıb qurtardıqdan sonra Axundov həmin məbləği xəzinəyə qaytarmalı, qalan pulları isə özünə götürməli idi.
Axundovun ilk kitabının çapı ilə əlaqədar dəftərxana direktoru İ.M.Şerbininin imzası ilə Qafqazdakı bir çox dövlət idarələrinə abunə vərəqləri göndərilmişdi. Bu barədə rəsmi sənədlərdən birində deyilirdi:
“Knyaz canişin öz dəftərxanasının tərcüməçisi, əsərləri haqqında oxucu kütləsinin rus və xarici jurnallardakı tərifli rəyləri ilə tanış olduğu ştabs-kapitan Mirzə Fətəli Axundovun ədəbi fəaliyyətini daha da genişləndirməyə təşviq etmək üçün onun beş orijinal pyesini xəzinənin hesabına bir kitabda çapı və həmin kitabın satışından əldə edilən bütün vəsaitin Axundova çatması barəsində əmr vermişdir”.
Kitab az bir zaman ərzində təkcə Qafqazda və Rusiyanın digər yerlərində deyil, ölkənin hüdudlarından kənarda da müvəffəqiyyətlə yayılmışdı. Abunə yazılan ayrı-ayrı şəxs və təşkilatlar arasında Tiflis klassik gimnaziyasının direktoru, görkəmli gürcü publisisti Dmitri Kipianinin, baş qərargah zabitlərinin, Tiflis məhkəmə palatası məmurlarının, Şamaxı, Lənkəran, Nuxa, Car-Balakən məhkəmə işçilərinin və hərbi dairələrinin adlarına rast gəlinir. Sənədlərdən məlum olur ki, Axundovun komediyalarına Kerç, Bessarabiya, Sevastopol, Stavropol, Tavriya, Prikaspiysk vilayətlərində və ölkənin başqa rayonlarında abunə yazılışı olmuşdur. Rusiya sərhədlərindən kənarda – İranda, Türkiyədə və s. ölkələrdəki rus səfirliklərinin bir çox əməkdaşları da Axundovun əsərlərini abunə yolu ilə əldə etmişdilər. (“Azərbaycan yazıçıları və Tiflis ədəbi-bədii mühiti (1820-1905)” kitabı. Müəllifi Adil Mişiyev, Tbilisi -1987)
Qeyd edək ki, M.F.Axundov 1850-1856-cı illər ərzində ümumilikdə 6 komediya qələmə alıb. Sözügedən kitab Gürcüstan Milli Kitabxanasının Kitab Fondunda saxlanılır.
Görkəmli ədibimizin Tiflisdə tamaşaya qoyulan ilk əsəri “Xırs quldurbasan” komediyası olub. Səhnə əsərinin ilk nümayişi 1852-ci ilin yanvarın 31-də baş tutub. Tamaşa böyük müvəffəqiyyətlə keçdiyindən və yaxşı qazanc gətirdiyinə görə fevralın 7-də ikinci dəfə göstərilib. “Hacı Qara” tamaşası də Tiflisdə səhnəyə qoyulub və dəfələrlə nümayiş etdirilib. Axundovun pyeslərini vaxtilə Bakıda fəaliyyət göstərmiş gürcü teatrı da səhnələşdirib. Sovet hakimiyyəti dövründə bu teatrda “Hacı Qara”nı rejissor S.Vaçnadze qoyub. 1935-ci ildə Rustaveli teatrının Bakıya qastrol səfəri zamanı “Hacı Qara” tamaşasına baxanlar arasında baş rejissor Sandro Axmeteli də olub. O, pyesi o qədər bəyənir ki, öz teatrında səhnələşdirməyə hazırlaşıb. (“Zarya Vostoka” qəzetinin 3 oktyabr 1982-ci il tarixli 228-ci sayı)
Qeyd edək ki, S.Axmeteli 1924-1935-ci illərdə Rustaveli teatrının baş rejissoru olub. 1935-ci ilin sentyabrında Moskvaya köçüb, rejissor kimi fəaliyyətini davam etdirib. 1937-ci ilin iyununda Tbilisidə “xalq düşməni” kimi güllələnib, dəfn yeri məlum deyil.