Gürcüstanın böyük şairi Akaki Tseretelinin (1840-1915) Azərbaycanın milli musiqi aləti olan tara həsr etdiyi “Tar sədaları altında xəyal” adlı şeirini təqdim edirik. Şeirin Azərbaycan dilinə tərcüməsi 1988-ci ildə Bakıda nəşr olunmuş “Kür Xəzərə qovuşur” adlı kitabda yer alıb.
Sevirəm mən tarı, sevirəm qəlbən,
Onun avazıyla ovunuram mən…
Gözəl arzularla dil açdıqca sim,
Fikrim qanadlanır, çoşur ürəyim.
Hər dəfə ahəstə oxuyanda tar
Oyanır qəlbimdə gözəl arzular;
Unudulur kədər, unudulur qəm,
Qarşımda açılır yeni bir aləm:
Elə bil bu dünya cənnətə dönür,
Hər yan başdan-başa əlvan bəzənir.
Açılır bağlarda nərgiz, qızılgül,
Sevgi mahnısını oxuyur bülbül..
Gözləşir, oynaşır göydə ulduzlar,
Daha nə göz yaşı, nə iztirab var.
Göylər də gülşəndir, yerlər də gülşən,
Şəfəqlər içində sevinir Vətən…
Hər xalq öz yurdunda xoşbəxt, firavan,
Burda bir-birinə qardaşdır insan.
Qadınlar görünür güllərdən qəşəng,
Dilində xoş mahnı, başında çələng.
Yoxdur yer üzündə nə qəm, nə həsrət,
Hamıda Vətənə, elə məhəbbət…
Ey Vətən, səndəmi, de, bu cah-cəlal?
Heyhat, bir yuxudur, adi bir xəyal…
Ah, necə tez susdu mehriban tarım,
Puç oldu könlümdə xoş arzularım.
Hanı o gözəllik, hanı bağça-bağ?
Getdi xəyalımdan şadlıq, təmtəraq.
Nə çəmən, nə bülbül, nə gül, nə gülzar?
Yoxdur yer üzündə belə bir diyar…
Tikan qızılgülü sərib torpağa,
Bülbülün yerində bayquş, qurbağa.
Niyə oxumadı? Tez susdu tarım,
Dağıldı o şirin, xoş xəyallarım…