“1987-ci ildən sonra bir neçə il böyük təqib altında idim, boyük təcridə məruz qalmışdım. Mənim həyatımın ağır dövrləri var idi. Mən o dövrləri yaşadım, nə əqidəmdən, nə məsləkimdən, nə də ki, öz mənəviyyatımdan geri çəkildim. Mən necə varam, eləcə də yaşadım. Ancaq çətinliklərim də çox oldu”.
Bunu Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev 1996-cı ilin martın 9-da Gürcüstana rəsmi səfəri çərçivəsində Tbilisidə Z.Paliaşvili adına Tbilisi Opera və Balet Teatrında bu ölkədə yaşayan soydaşlarımızla o vaxtkı gürcü həmkarı Eduard Şevardnadze ilə birgə keçirdiyi görüşdə nitqlə çıxışı zamanı deyib.
H.Əliyev Naxçıvanda olduğu dövrdə Gürcüstanla bağlı onu sevindirən iki halı xatırlayıb:
“O vaxt Naxçıvanda idim. Naxçıvan blokada şəraitində idi. Gediş-gəliş yox idi. Mən o vaxtkı dövlətlər tərəfindən həm Moskvadan, həm Azərbaycandan çox təzyiq altında yaşayan bir adam idim. Mənim yanıma o vaxt gəlib-getmək də təhlükəli idi. Ancaq məni sevindirən iki halı demək istəyirəm. Mənim üçün gözlənilməyən bir hal idi ki, iki gürcü müxbir Tbilisidən Naxçıvana gəldi. Tamamilə qəflətən. Mən orada bacımın kiçik bir evində yaşayırdım. Bu gün siz deyirsiniz ki, elektrik, qaz, su çatmır. Naxçıvanda vəziyyət bundan da pis idi. Mən belə bir vəziyyətdə orada yaşayırdım. İki gürcü müxbiri – təəssüf ki, adları yadımdan çıxıb Naxçıvana gəldi. Məni arayıb-axtarıb tapdılar. Məndən bir çox məsələlər barəsində müsahibə götürdülər. Mən azad, müstəqil bir adam idim. Hansı bir qəzetçi, yaxud jurnalist məna müraciət edirdisə, suallarına cavab verirdim. Onlar mənimlə geniş musahibəni Tbilisidə gürcü dilində dərc etdirmişdilər, mənə göndərdilər. Bundan sonra həmin müsahibəni o vaxt “Sovet Gürcüstanı” deyilən, indi “Gürcüstan” adını daşıyan qəzet Azərbaycan dilində dərc etdi və onu mənə göndərdilər. O vaxt mənim üçün bu, böyük mənəvi dayaq idi. Baxmayaraq ki, mən Naxçıvanda sürgündə idim, bir tərəfdən gürcülər, o biri tərəfdən Gürcüstanda yaşayan azərbaycanlılar məni unutmamışdılar. Bunu qəzetlər vasitəsilə etmişdilər”.
Ulu öndər çıxışında Gürcüstanda yaşayan azərbaycanlıların öz vətənlərində yaşadıqlarını xüsusilə vurğulayıb:
“Borçalı diyarı Gürcüstan üçün əziz olduğu kimi, Azərbaycan üçün də əziz olmuşdur, bu gün də əzizdir. Ona görə də Gürcüstanda yaşayan azərbaycanlılar öz vətənlərində yaşayırlar. Mənim dostum cənab Şevardnadze bu gün çıxış edərkən dedi ki, Gürcüstanda yaşayan azərbaycanlılara o, diaspor demək istəmir. Tamamilə düzgün deyir, heç diaspor demək olmaz. Çünki bu kənardan gəlmiş azərbaycanlılar deyil ki, onlara diaspor deyək. Onlar burada əsrlər boyu yaşamış, yaratmış azərbaycanlılardır. Bugünkü çıxışlarda deyildi ki, hələ XІІ əsrdə burada, Gürcüstanda yaşayan azərbaycanlılar, sizin ulu babalarınız, gürcü xalqı ilə Azərbaycan xalqı yadellilərə qarşı birlikdə vuruşublar və öz torpaqlarını müdafiə ediblər. Bu dostluq XІІ əsrdən indiyədək davam edir. Ona görə də, əziz bacılar, qardaşlar, bu, sizin doğma vətəninizdir. Bu, sizin doğma torpağınızdır. Siz öz vətəninizdə, torpağınızda yaşayırsınız. Güman edirəm ki, Gürcüstan Respublikasına, müstəqil Gürcüstan dövlətinə. şan-şöhrət gətirən bir haldır ki, müstəqil, azad, demokratik Gürcüstanda azərbaycanlılar azad, sərbəst yaşayırlar”.
Aziz.Ge