Ermənistana ilk Gürcüstan ekspedisiyası 100 il bundan öncə – 1924-cü ilin mayında baş tutub.
Bu barədə vaxtilə Tiflisdə nəşr olunan “Zarya Vostoka” (Şərqin şəfəqi) qəzetinin həmin ilin iyunun 26-da işıq üzü görmüş 611-ci sayından məlum olur.
“Ermənistana səfərdən” başlıqlı məqalədə vurğulanıb ki, ekspedisiyanın məqsədi gürcü əlyazmaların və qədim binalarda gürcücə yazıların tədqiqi olub.
Məqalədə ekspedisiyanın əhəmiyyəti və üzə çıxarılan faktlardan bəhs olunur, İrəvan şəhərində yerləşən tarixi abidələrin vəziyyəti təsvir edilib.
Azərbaycanın mədəni irsinə aid İrəvan məscidi belə təsvir olunub:
“Mayın 1-də ekspedisiya İrəvana gəldi. Axşam düşənə qədər biz İrəvanın yeganə salamat qalmış qədim monumental binası – məscidə baxmağa getdik. Bu maraqlı, kolorit baxımından xoş və memarlıq formalarına görə qeyri-adi tikili sanki müasir təlaşdan qopmuş halda bütün dünyanın ortasında dayanır.
Nə vaxtsa bütövlükdə kompaktlaşdırılmış köhnə, məktəb otaqlarının qalıqları olan unudulmuş həyət-bağ, qeyri-adi keçidlər və bəzəkli piştağ, məscid önündə bazar meydanı – bunların hamısı böyük cazibəliklə nəfəs alır və çox mənzərəlidir”.
Müəllif Q.N. Çubinaşvili məqalədə Azərbaycanın mədəni irs nümunəsi olmuş, yer üzündən silinmiş Sərdar sarayının həmin dövrdəki vəziyyətini də təsvir edib:
“Mənzərəli portretləri və divar naxışları ilə məşhur Sərdar sarayından yalnız soyulmuş divarlar qalıb – çar Rusiyasının siyasətbazlıqla məşğul olan mühəndislik idarəsinin bilərəkdən etinasızlığına bəlağətli məzəmmət”.
Xatırladaq ki, Sərdar sarayı 1913-1918-ci illərdə dağıdılıb, tikilidəki portretlər çıxarılaraq Tiflisə aparılıb. Müəllifi görkəmli Azərbaycan rəssamı Mirzə Qədim İrəvani olan həmin əsərlər hazırda Gürcüstan Dövlət Muzeyində saxlanılır. Sarayın yerində hazırda “Ararat” şərab zavodu fəaliyyət göstərir.
İrəvanda bu günədək salamat qalmış məscid Göy məsciddir. Dini abidə “fars məscidi” və ya “İran məscidi” kimi təqdim edilir.
Materiala əlavə olunmuş tarixi fotoşəkillər Gürcüstan Milli Parlament Kitabxanasının arxivinə aiddir.