Ötən il ölməz bəstəkarımız Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasının premyerasının 110 illiyi tamam olub. Məlumdur ki, ilk təqdimat 1913-cü il oktyabr ayının 25-də Bakıda, Hacı Zeynalabdin Tağıyevin teatrında – indiki Azərbaycan Dövlət Musiqili Teatrında keçirilib.
Bakıdakı premyeradan sonrakı illərdə “Arşın mal alan” tamaşası Tiflisdə də nümayiş etdirilib və səhnə əsərinə maraq hədsiz olub. Hətta tamaşaya bilet tapmaq çox müşkül məsələ imiş. Həmin dövrdə mollanəsrəddinçi rəssam Oskar Şmerlinq tamaşaya böyük marağı yumoristik rəsmlə təsvir edib.
Karikatura Tiflisdə vaxtilə nəşr olunan “Eşmakis matraxi” (“Şeytan qamçısı”) gürcüdilli satirik jurnalının 1916-cı il 4 sentyabr tarixli nömrəsinin ilk səhifəsində yer alıb. Rəsmin alt yazısı: “Xarpux* klubu “Arşın mal alan” operettasını həftədə ən azı beş dəfə göstərməyə qərara alıb, çünki bu tamaşa zamanı klubda tam əmin-amanlıq və asayiş hökm sürür”.
*Xarpux – Tiflisin qədim Seyidabad məhəlləsinin XVIII-XIX əsrlərdəki adıdır.
Jurnalın qeyd olunan nömrəsinin elektron surəti Gürcüstan Milli Parlament Kitabxanasının arxivində saxlanılır.