Fevralın 22-də Azərbaycanın görkəmli yazıçısı, dramaturqu, ictimai xadimi Cəlil Məmmədquluzadənin anadan olmasından 157 il ötüb.
Aziz.ge-nin Mirzə Cəlillə bağlı təqdim etdiyi növbəti yazı onun Qori seminariyasında təhsili haqqındadır.
Görkəmli ədibin ideya və mənəvi inkişafında Qori seminariyası müsbət rol oynamışdı. O, bu təhsil ocağında 1882-ci ildən 1887-ci ilədək təhsil almışdı. Bu illər Qori seminariyasının intibah dövrü olub. Cəlil Məmmədquluzadə təhsildə müsbət nəticələr göstərib, “əla” və “yaxşı” qiymətlərlə oxuyub.

Təhsil ocağının rəhbərliyi müəllim və tələbələr üçün müəyyən cəza tədbirləri tətbiq edirdi. Cəlil Məmmədquluzadə bu cəza tədbirlərindən kənarda qalmayıb. O, 1886-cı ilin yanvarın 16-da Qori şəhərində konsertdən bir saat gec qayıtdığı üçün, az sonra yanvarın 22-də isə təhsilə laqeyd yanaşdığına görə töhmət almışdı. 1885-1887-ci illərdə Məmmədquluzadənin aşağı qiymətlər alması da bununla əlaqədar idi.
Cəlil Məmmədquluzadə Qori seminariyasında keçirilən ədəbi-mədəni tədbirlərdə fəal iştirak edirdi, həmin tədbirlərin ssenarilərinin yazılmasına cəlb olunurdu. İstedadlı cavan seminarist təhsil ocağında yaradılan dram dərnəyində də iştirak edib, tələbə-aktyor olaraq komik rolların və qadın obrazlarının ifaçılarından olub.
Seminariyada təhsil alarkən Məmmədquluzadə 60 saat miqdarında 87 sınaq dərsi deyib. Pedaqoji təcrübə müddətində keçirilmiş bu dərslərin hamısı “məqbul” ilə qiymətləndirilib. Həmin sınaq dərsləri Məmmədquluzadənin pedaqoji mədəniyyətinin inkişafında həlledici amil olub. Sınaq dərslərinə yazdığı geniş icmallar onun yazı vərdişlərinin formalaşmasında əsas vasitəyə çevrilir. Hələ tələbə ikən Cəlil Məmmədquluzadə yazı mədəniyyəti ilə əhatəsində olanlardan fərqlənmişdi.
Qori seminariyasında təhsilini başa vuran Məmmədquluzadə on il (1887-1897) pedaqoji fəaliyyətlə məşğul olur. O vaxtkı İrəvan quberniyasının Uluxanlı kənd məktəbində, Şərur qəzasının Baş Noraşen məktəbində, Naxçıvan mahalının Nehrəm məktəbində müəlimlik edib.
____________________
Mənbə: İsa Həbibbəyli. “Cəlil Məmmədquluzadə” (Bakı 1994)
Fotoşəkil: ©presslib.az


