Gürcüstan jurnalında Üzeyir Hacıbəyli haqqında məqalə dərc olunub

Gürcüstan Teatr Cəmiyyətinin mətbu orqanı olan “Teatr” jurnalında Azərbaycanın görkəmli bəstəkarı Üzeyir Hacıbəyliyə həsr olunmuş məqalə dərc edilib.

Aziz.ge xəbər verir ki, dərginin builki ikinci sayında oxuculara təqdim olunan “Bu şəhərə təzim et!” başlıqlı məqalənin müəllifi araşdırmaçı-jurnalist Cəmilə Babayeva, gürcü dilinə tərcümə edəni isə Gülnarə Səfərlidir.

Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyinə həsr edilmiş məqalədə bəstəkarın Gürcüstanla əlaqələrindən, təhsil aldığı Qori şəhərinə rəğbətindən, gürcü musiqisinə münasibətindən, görkəmli teatr xadimi, dramaturq və yazıçı İvane (Vano) Qiqoşvili ilə dostluq münasibətlərindən bəhs olunur. Bildirilib ki, Qiqoşvili Hacıbəylinin ən məşhur əsəri olan “Arşın mal alan”ı gürcü dilinə ilk tərcümə edən olub və məhz onun sayəsində gürcü tamaşaçılar “Arşın mal alan” operettasını öz ana dilində izləyə biliblər.

Üzeyir Hacıbəyli haqqında məqalənin “Teatr” jurnalında işıq üzü görməsi rəmzi məna daşıyır. Belə ki, bəstəkarın İvane Qiqoşviliyə Bakıda hədiyyə etdiyi fotoşəkli barəsində məlumatla birgə 1916-cı ildə məhz bu dərginin sələfi olmuş “Teatri da tsxovreba” (“Teatr və həyat”) jurnalında dərc olunub.

“Bu şəhərə təzim et!” başlığında nəzərdə tutulan şəhər Üzeyir Hacıbəylinin təhsil aldığı Qoridir. Məqalədən:

Üzeyir bəyin Qoriyə sevgisi və minnətdarlıq hissini onun həyat yoldaşı Məleykə xanıma yazdığı məktublarından birində (tarix elmləri doktoru, professor Solmaz Rüstəmova-Tohidinin “Üzeyir və Məleykə. Məktublarda yazılan roman” məqaləsindən) bu cümlə açıq-aşkar təsdiqləyir:

“Və Məleykənin ailəsi ilə səfərə getdiyini eşidən Üzeyir bəy ondan bir xahiş edir: “Qoridən keçəndə məndən bu şəhərə təzim et!”.

Məqalə “Teatr” jurnalının saytında da yerləşdirilib: „ქედი მოუხარე ამ ქალაქს“!

______________

Həmçinin oxu:

“Arşın mal alan”ın gürcücə səhnəyə qoyulması, Üzeyir Hacıbəylinin İvane Qiqoşviliyə hədiyyəsi