Qardabanidə fəaliyyət göstərən azərbaycandilli “Beez” uşaq teatrı “Keçmişdən gələn oğlan” adlı yeni tamaşa təqdim edib.
Aziz.ge xəbər verir ki, səhnə əsərinin premyerası Qardabani Mədəniyyət Evində baş tutub.
Gənc şair və yazıçı Azər Musaoğlunun eyniadlı pyesinin motivləri əsasında hazırlanan tamaşanın rejissoru “Beez” uşaq teatrının bədii rəhbəri Binəli İslamoğludur. Geyim üzrə rəssam Mahnur Ənvərdir.
Səhnə əsərinin əsas qəhrəmanı keçmişdən müasir dövrə gələn məktəblidir. O, müasir zamanda həmyaşıdlarının texnologiyalardan güclü asılılığının şahidi olur. Uşaqların mobil telefonların və kompüter oyunlarının aludəçiləri olması pioneri çox təəccübləndirir, həmyaşıdlarının kitab oxumaqdan, əyləncəli həyət oyunlarından uzaq düşmələri, teatrda tamaşa izləməmələri onu məyus edir.
Tamaşada valideynlərə övladları ilə daha çox vaxt keçirməyə, onları mütaliəyə, həmyaşıdları ilə canlı ünsiyyətə həvəsləndirmək kimi çağırışlar da yer alıb.
Tamaşa anşlaqla keçib. Səhnə əsəri böyük maraq və alqışlarla qarşılanıb.
Azər Musaoğlu müəllifi olduğu pyesin səhnə həllindən razı qaldığını bildirib. O, “Beez” uşaq teatrının kollektivini uğurlu tamaşa nümayişi münasibətilə təbrik edib.
Qeyd edək ki, 2021-ci ildən fəaliyyət göstərən “Beez” uşaq teatrı bu vaxta qədər “Qarınqulu ayı balası”, “Çoban” “Tıq-tıq xanım” tamaşalarını təqdim edib.









