Tbilisinin Bülbülün taleyindəki rolu – “Sevgimin və dostlarımın şəhəridir”

Bu gün Azərbaycan vokal məktəbinin banisi, opera müğənnisi, görkəmli xanəndə, Azərbaycan və SSRİ Xalq artisti Bülbülün anım günüdür. Onun vəfatından 64 il ötür.

Görkəmli müğənninin bioqrafiyasında Gürcüstan xüsusi səhifə olub. Bu barədə “Azad Gürcüstan” («Свободная Грузия») qəzetinin 23 yanvar 1998-ci il tarixli 20-ci sayında Bülbülün anadan olmasının 100 illiyinə həsr olunmuş “Tbilisi onu alqışlayırdı” sərlöhvəli məqalədə ətraflı söz açılıb.

Aziz.ge məqalənin həmin hissəsini təqdim edir.

Müəllifi Abxaziyanın o vaxtkı mədəniyyət naziri, Abxaziya və Gürcüstanın Əməkdar incəsənət xadimi, musiqişünas Svetlana Ketsba olan məqalədə Bülbülün ilk dəfə Tiflisə 1911-ci ildə gəldiyi vurğulanıb.

“Bülbül İctimai Yığıncağın yay zalında çıxış üçün dəvət olunmuşdu. Konsertdə o zamankı Tiflisin “qaymaq”ları iştirak edirdilər. Möcüzə-oğlanın səsi və qavalda ifası heyrətləndirirdi. Onun Vano Saracişvili ilə tanışlığı həmin vaxt baş verir.

Uzun illər sonra Bülbül yenidən Tiflisdədir. O, iki konsert verəcək, üçüncüsündən isə imtina edir – Vano Saracişvili vəfat etmişdi.

“Necə oxuya bilərdim, axı bütün Tiflis matəm içində idi. Sevimli müğənnisini itirən gürcü xalqının kədərini bölüşürəm”, – Bülbül yazırdı”.

Müəllif yazısında Bülbülün Gürcüstanın opera müğənnisi, SSRİ Xalq artisti Sandro İnaşvili ilə tanışlığından da bəhs edib:

“Bülbül İtaliyada Sandro İnaşvili ilə yaxın idi. O xatırlayırdı ki, Milana gələn kimi burada yaşayan və təhsil alan tanınmış gürcü opera artistini axtarıb tapmışdı”.

Məqalədə vurğulanıb ki, Bülbül Tiflisi tez-tez ziyarət edərdi:

“Bülbül Tiflisdə dəfələrlə olardı, vokal üzrə həmkarları D.Qamrekeli, Q.Amiranaşvili, M.Nakaşidze ilə görüşürdü, V.Kandelaki ilə dostluq edirdi.

O, Tbilisinin 1 500 illiyinin qeyd edildiyi gündə Gürcüstanın qonağı olmuşdu.

“Bu şəhər taleyin özünün mənə həyat yoldaşının bəxş etdiyi sevgimin şəhəridir. Bu şəhər dostlarım V.Saracişvili, Q.Kiladze, İ.Qrişaşvili, Q.Amiranaşvili, A.Xorava, V.Ancaparidze, M.Çiaurelinin şəhəridir. Çoxdandır bağlı olduğum, hər zaman düşündüyüm və ən böyük hərarətlə danışdığım insanların hamısını sadalaya bilmərəm”.

S.Ketsba yazıb ki, Bülbülün ifaçılıq məharəti və ustalığı sayəsində Azərbaycanda milli operalar qoyulub:

“O, Azərbaycan musiqisində romans və mahnı janrlarının formalaşdırılmasında vacib rol oynayıb. Müğənni Bülbülün ən yüksək nailiyyəti Üzeyir Hacıbəylinin “Koroğlu” operasındakı Koroğlu obrazı olub. Bu opera Azərbaycan musiqisində gürcü musiqisindəki “Abesalom və Eteri” operası kimi əhəmiyyətə malikdir”.

Qeyd edək ki, Bülbül həyat yoldaşı Adelaida xanımla Tiflisdə tanış olmuşdu.

Həmçinin oxu: