Tbilisidəki Azərbaycan Mədəniyyəti Mərkəzində ebru sənəti öyrədilir

Tbilisidəki Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Mərkəzində (AMM) qədim türk sənəti olan ebru sənəti kursları təşkil olunub.

Aziz.ge xəbər verir ki, dərslər AMM və Türkiyənin Yunus Əmrə İnstitutunun Tbilisi nümayəndəliyinin birgə əməkdaşlığı çərçivəsində keçirilir.

Dərsləri peşəkar ebru ustası Darika Çixladze və rəssam Sofiya Qoduadze aparır.

İlk qrupun ilk dərsində kurs iştirakçılarına ebru sənətinin tarixi, incəlikləri, üsulları, istifadə olunan alət və boyalar barədə ətraflı məlumat verilib. Bildirilib ki, ebru rəsm yaratmaq üçün ən qeyri-adi üsullardan biridir və hər çəkilən ebru nümunəsi naxışlarına və rənglərinə görə unikal və bənzərsiz olur. 

Kurs iştirakçıları ilk dərsdə ebrunun “Battal” və “Gel-git” üslublarında nümunələr yaradıblar. 

Ebru sənəti kurslarını bitirənlərə sertifikatlar veriləcək. Tələbələrin öz əlləri ilə yaradacaqları ebru nümunələrinin sərgisinin keçirilməsi də nəzərdə tutulub.

Qeyd edək ki, ebru su üzərində rəsm çəkmək sənətidir. Su səthində təbii boyalarla fırçalar vasitəsilə yaradılan rəsm daha sonra kağız üzərinə köçürülür.