Həsən bəy Ağalarov 1812-ci ildə Tiflisdə zadəgan ailəsində anadan olub. O, 1830-cu ildə kadet korpusunu bitirdikdən sonra Qafqaz müsəlman-süvari polkunda xidmət edir. Az sonra bölük komandiri Həsən bəy Ağalarovun fərasəti və hərbi işdəki nizam-intizamı general-leytenant knyaz Vasili Osipoviç Behbudovun diqqətini cəlb edir. Ona görə də general, poruçik Həsən bəy Ağalarovu qərargah işləri üzrə ən yaxın köməkçisi təyin edir.
1833-cü ilin noyabrında azərbaycanlılardan ibarət Qafqaz süvari diviziyası Varşavaya ezam olunanda onun sıralarında general İsmayıl bəy Qutqaşınlı, Abbasqulu ağa Bakıxanovun kiçik qardaşı general-mayor Cəfərqulu ağa Bakıxanov, kapitan Həsən bəy Ağalarov da vardı.
1840-cı ildə ştabs-kapitan rütbəsində olan Həsən bəy əla xidmətinə görə üçüncü dərəcəli müqəddəs Stanislav ordeni ilə təltif olunur. 1849-cu ildə onun alayı Debreçin şəhəri uğrunda gedən döyüşlərdə macarların bir rotasını darmadağın edib dörd topunu alanda polkovnik Həsən bəy Ağalarov döyüşdə göstərdiyi igidliyə görə dördüncü dərəcəli “Müqəddəs Georgi ordeni”nə layiq görülür.
1852-ci ildə isə polkovnik Həsən bəy Ağalarov Qafqaz müsəlman süvari polkunun komandiri təyin olunur. Bir il sonra Krım müharibəsi başlananda Qafqaz oğulları da silaha sarıldılar. Xüsusi döyüş dəstələri yaradıldı. “1853-56-cı il Şərq müharibəsinin təsviri” kitabının müəllifi A.F.Qeyrot yazır ki, təkcə gəncəlilərdən ibarət iki süvari dəstəsi yaradılmışdı. Onların ümumi sayı min nəfər cəsur atlılardan ibarət idi. Bu süvarilər hansı cəbhəyə göndərilirdisə, ordan igidlik və rəşadətləri haqqında xoş sözlər eşidilirdi.
1853-cü il noyabrın 2-də Bayandur kəndi uğrunda döyüşlərdə general-mayor İlya Orbelianinin komandanlığı altında qafqazlılar mərdlik və mətanətlə döyüşürdülər. Bu döyüşlərdə gürcü Kavtaradzenin və azərbaycanlı Ağalarovun əsgərləri xüsusilə fərqlənirdilər. Bütün hücumları dəf edən rus və azərbaycanlı döyüşçülərin sarsılmaz dəyanəti düşməni qorxuya salacaq dərəcədə heyrətləndirdi.
Tarixçi A.F.Qeyrot kitabının 191-192-ci səhifələrində Bayandur kəndi yaxınlığında gedən ölüm-dirim vuruşmasında mərd babalarımızın hünərindən iftixarla söhbət açır:
“Orbeliani dəstəsi gözlənilmədən 40 topdan atılan güclü atəşlə qarşılandı. Rus artilleristləri dərhal cavab atəşi atdılar, lakin qüvvələr bərabər deyildi. Güclü top atəşi və düşmən süvarilərinin hücumu başlandı. İkinci Azərbaycan süvari dəstələri top atəşi ilə müdafiə olunan düşmən atlılarının güclü hücumuna məruz qaldı. Tixotski özünün draqun diviziyası ilə vaxtında azərbaycanlı döyüşçülərin köməyinə çataraq düşməni cəhdlə əzməyə başladılar. Draqun diviziyasının və Azərbaycan atlılarının zərbələri altında əzilən düşmən süvariləri qaçmağa üz qoydular”.
1857-ci ildə general-mayor rütbəsinə layiq görülən Həsən bəy Ağalarov Qafqaz əlahiddə ordusunun zabiti kimi ömrünün axırına qədər döyüşən hissələrdə hərbi borcunu şərəflə yerinə yetirmişdir.
General Həsən bəy Ağalarovun sənədləri ilə tanış olduqda görürük ki, o, Tiflisdə yaşayan mütərəqqi fikirli Azərbaycan ziyalıları ilə dostluq etmişdir. O zaman canişinlikdə müşavir və tərcüməçi işləyən Ağabəy Yadigarovla, general-mayor İsrafil bəy Yadigarovla, general İsmayıl bəy Qutqaşınlı ilə böyük dramaturq Mirzə Fətəli Axundovla və görkəmli şairimiz Qasım bəy Zakirlə yaxından əlaqə saxlamışdır.
Məşhur şairimiz Qasım bəy Zakir 1850-ci ildə nahaq böhtana düşüb, sürgün ediləndə general Həsən bəy Ağalarov şairi xilas etmək üçün xeyli çalışmışdır. Zakir bir şerində xeyirxah insan, cəsur bir əsgər kimi yad edir:
Həvadisi-dövran gərdişi-fələk,
Salmışdı binəyə kəbki* yepələk:
Tülək tərlan kimi, qafil Həsən bəy,
Şığıyıb çənginə götürdü bayaq.
Həsən bəy Ağalarov 1883-cü ildə 71 yaşında vəfat edib.
_________________
* kəbki – kəklik
Mənbə: “Azərbaycan generalları”, Şəmistan Nəzirli (Bakı-1991)