Gürcü şairi, yazıçısı və tərcüməçisi Mixeil Kvlividze (1925-2005) ömrünün böyük hissəsini Moskvada keçirib. Şair anasının vəfatı, atasının “xalq düşməni” kimi həbsi, qardaşının müharibədə həlak olması və özünə məxsus yaşayış yerinin olmaması səbəbindən 1950-ci illərin əvvəllərində vətənini tərk edib. Moskvada M.Kvlividze SSRİ Yazıçılar İttifaqında çalışıb, bir sıra jurnallarda əsərlərini çap etdirib. Ədibin şeirlərini rus dilinə dövrünün böyük şairləri tərcümə edib.
M.Kvlividze “Xəzər sahillərində” adlı şeir də qələmə alıb. Poeziya nümunəsini şair dostu, Azərbaycanın Xalq şairi Rəsul Rzaya ünvanlayıb. Dilimizə tərcüməsi Əflatun Saraçlıya məxsus olan həmin şeiri təqdim edirik.
Bənzəmirsən sən gördüyüm dənizlərə, gözəl Xəzər,
Sən su deyil, elə bil ki, zümrüd kimi göy üzüsən.
Doğrudan da sənə necə mən su deyim, söylə, əgər
Özün dəniz ola-ola yandırırsan hey bizi sən.
***
Quruyubdur lap boğazım, bax gəlmişəm sahilinə,
Boydan-boya uzanırsan, köksün geniş ipək kimi.
Dalğaların nəğməsini dinləyirəm, budur, yenə
Gah gurlayır, gah susursan sevdiyim o mələk kimi.
***
Söylə neçin söndürmürsən ürəyimin odunu sən?
Cəsarətsiz aşiqlər tək dayanmışıq biz üz-üzə
Məhəbbətin həsrəti də, vüsalı da neçün bəzən
Məhəbbətin özündən də əziz, şirin olur bizə?