Gürcüstanın əsas kitabxanasında Azərbaycan guşəsi açılacaq

Yaxın zamanlarda Gürcüstanın Milli Parlament Kitabxanasında Azərbaycan guşəsi açılacaq.

Aziz.ge xəbər verir ki, bu barədə Gürcüstanın əsas kitabxanasından bildirilib.

Məlumata əsasən, Gürcüstan kitabxanasının baş direktoru Konstantin Qamsaxurdiya Bakıya səfəri çərçivəsində M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında açılmış Gürcüstan guşəsinə 50 kitab təqdim edib.

Gürcüstan kitabxanası Bakıda Məhəmməd Füzulinin anadan olmasının 530 illiyinə həsr olunmuş X Bakı Beynəlxalq Kitab Sərgisində iştirak edib. Sərgi çərçivəsində Gürcüstan və Azərbaycanın əsas kitabxanaları arasında əməkdaşlıq haqqında Memorandum yenilənib. Sənədi Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov və K.Qamsaxurdiya imzalayıblar.

Gürcüstanın Milli Parlament Kitabxanasından bildirilib ki, hazırda kitabxana fondunda Azərbaycan dilində təqribən 1 200 kitab və 42 dövri nəşr saxlanılır.

Azərbaycan Milli Kitabxanasından bildirilib ki, kitabxana fondunda gürcü ədəbiyyatından çoxlu sayda nümunələr var və yeni əməkdaşlıq sənədi fondun yeni sənədlərlə zənginləşməsinə, elektron kataloqda əks olunmasına və daha geniş oxucu kütlələrinə təqdim olunmasına əlverişli şərait yaradacaq. Tezliklə Gürcüstan Milli Kitabxanasının arxivində mühafizə olunan Azərbaycanla bağlı qiymətli arxiv materiallarının surətlərinin Azərbaycana aparılması məqsədilə Tiblisiya mütəxəssislərdən ibarət xüsusi ekspedisiyanın təşkil olunması nəzərdə tutulub.