Tiflis Yunker Məktəbi Gürcüstanın ilk hərbi təhsil ocaqlarından biri olub. Əsası 1866-cı ildə qoyulmuş hərbi məktəb 1992-ci ilədək fəaliyyət göstərib. Məktəbin yerləşdiyi bina günümüzə qədər gəlib çatıb. Mədəni irs abidəsi olan tarixi tikili David Aqmaşenebeli prospekti 148 ünvanında yerləşir. İkimərtəbəli binaya üçüncü mərtəbə sovet dövründə əlavə olunub. Hazırda binada Sloveniya Respublikasının Konsulluğu və Gürcüstanın əczaçılıq şirkətlərinin ofisləri yerləşir.
Fəaliyyət göstərdiyi dövrdə məktəbin adı dəfələrlə dəyişdirilib. Hərbi təhsil müəssisəsinin uzun illər daşıdığı iki ad isə Bakının adı ilə bağlı olub.
Aziz.ge oxucularını Tiflisin keçmiş Bakı Piyada Məktəbinin maraqlı tarixçəsi ilə tanış edir.
Yarandığı 1866-cı ildə hərbi məktəbdə 200 yunker (tələbə) təhsil alıb, 1871-ci ildə isə onların sayı 300 nəfərə yüksəlib. Hərbi təhsil müəssisəsi dövrünün ən tanınan və nüfuzlu hərbi məktəblərindən olub və tələbələrin böyük hissəsini ziyalı və təhsilli ailələrin övladları təşkil edib.
1880-ci ildən 1900-cü ilədək məktəbin əlavə üç korpusu yaranıb. 1901-ci ildə məktəbdə üç sinif açılıb. Təhsilin müddəti iki, daha sonra isə üç il təşkil edib. Ümumi sinifdə yunkerlər ümumi təhsil alıb, iki və üçüncü siniflərdə isə tədris hərbi məktəblərin proqramları ilə aparılırdı. Məktəbi bitirən yunkerlər ordu piyadalarında podporuçik (çar ordusunda hərbi rütbə) rütbəsində xidmət göstərirdilər.
1914-cü ilin noyabrın 29-da məktəbin tarixində böyük hadisə baş verib. Həmin gün təhsil ocağına Rusiya imperiyasının imperatoru II Nikolay baş çəkib.
Birinci Dünya müharibəsi (1914-1918) öncəsi məktəbdə 4 rota var idi, yunkerlərin sayı 400, kiçik zabitlərin sayı isə 11 nəfər idi. Müharibənin başlaması ilə yunkerlərin sayı kəskin artaraq 700 nəfərə çatıb.
1918-ci ilin iyunun 15-də hərbi məktəb Gürcüstan hökumətinin tabeliyinə keçir. 1920-ci ilin mayın 3-də üsyan qaldıran bolşeviklər məktəbi ələ keçirməyə çalışsalar da, general Giorgi Kvinitadze buna imkan vermir. 1921-ci ilin fevralında yunkerlər məktəbin direktoru Aleksandr Çxeidzenin başçılığı altında Tbilisi uğrunda Qırmızı ordu hissələrinə qarşı döyüşlərdə iştirak ediblər. Binanın fasadında bu tarixi faktlar barədə məlumatların yer aldığı lövhələr quraşdırılıb.
1921-ci ildə Gürcüstanda sovet rejiminin qurulmasından sonra məktəb 13-cü Bakı Piyada-Pulemyot Komanda Kursları, 1923-cü ildə isə 21-ci Bakı Piyada Məktəbi adlandırılır. 1924-cü ildə məktəbə Tiflis Piyada Məktəbi, 1927-ci ildə isə Zaqafqaziya Piyada Məktəbi adı verilir.
1929-cu ildən Zaqafqaziya Piyada Məktəbi “26 Bakı komissarları” adını daşıyır. Bu ada məktəbin sonrakı adlarında da rast gəlinir. Belə ki, 26 Bakı komissarları həmin dövrün ən populyar personajları idi.
Hərbi məktəbin yetirmələri İkinci Dünya müharibəsində (1941-1945) yaxından iştirak ediblər. Həmin dövrdə məktəb cəbhə üçün altı mindən çox artilleriya komandiri hazırlayıb. 1945-ci ildə hərbi məktəb “Qırmızı bayraq” ordeni ilə təltif olunub. 1971-ci ildə SSRİ-nin müdafiə naziri, Sovet İttifaqı qəhrəmanı Andrey Qreçko məktəbi ziyarət edib.
1992-ci ildə sovetlər birliyinin süqutundan sonra “26 Bakı komissarları” adına Tiflis Ali Artilleriya Komandanlığı Məktəbi Rusiyanın Yekaterinburq şəhərində Yekaterinburq Ali Artilleriya Komandanlığı Məktəbi adı altında yenidən təşkil olunub.