Bu gün Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, publisist, “Molla Nəsrəddin” jurnalının təsisçisi və redaktoru Cəlil Məmmədquluzadənin (1866-1932) vəfatından 93 il ötür.
“Molla Nəsrəddin”in Tiflisdə nəşr olunduğu illərdə jurnal dəfələrlə təzyiqlərə və qapanmalara məruz qalıb. Dərginin 1908-ci ilin fevralın 3-də işıq üzü görmüş 5-ci sayında yer almış bir karikaturaya görə isə Mirzə Cəlilin qətli sifariş edilib.
Bu hadisə barədə ədibin ömür-gün yoldaşı Həmidə xanım Cavanşiri (1873-1955) xatirələrində ətraflı söz açıb.
“Həmin nömrədə Hacı Cavad məscidində Bakı mollası Məhəmmədəminin sağ əlində Quran, sol əlinin 2 barmağı ilə “Molla Nəsrəddin”in ucundan tutmuş karikaturası yerləşdirilmişdi. Karikaturada molla hönkürərək bu məcmuənin müəllifini lənətləyir və xalqı intiqama çağırırdı. Bundan sonra bakılılar 30 000 adamın imzası ilə canişinə teleqram göndərib yalvardılar ki, dini təhqir edən bu adamın nəşrini qapayıb özünü cəzalandırsın. Bakılılar bununla kifayətlənmədilər, üç nəfər muzdlu qatil tutub Mirzə Cəlili öldürmək üçün Tiflisə göndərdilər. “Molla Nəsrəddin”in Bakıdakı pərəstişkarları bu işdən xəbər tutan kimi Tiflisə Mirzə Cəlilin kontoruna öz adamlarını göndərdilər ki, qətl haqqında onu xəbərdar etsinlər. Həmin günlərdə İrəvan meydanının yaxınlığında yerləşən Sololak küçəsində əynində yapıncı, üstündə üç tapança olan şübhəli bir şəxs tutuldu. O, bakılıların göndərdiyi başkəsən idi. Bu hadisədən sonra Mirzə Cəlil özünü qorumaq üçün silah gəzdirməyə başladı. O, 371 966 nömrəli brauninq tapançası aldı. (Bu tapançanı sonradan muzeyə verdim)”.
Sözügedən karikaturanı təqdim edirik: