Kaman dindi, çonqur dindi, saz bir oldu — Nəriman Həsənzadənin Tbilisidə yazdığı şeir

Azərbaycanın Xalq şairi Nəriman Həsənzadənin Gürcüstan mövzusunda qələmə aldığı bir neçə şeiri var. Onlardan biri “Məhəbbət” adlanır və 1972-ci ildə Tbilisidə yazılıb.

Poeziya nümunəsində Gürcüstan təbiəti, azərbaycanlılarla gürcülərin dostluğu, gürcü qonaqpərvərliyi təsvir olunub.

Aziz.ge həmin şeiri təqdim edir:

Kür çayından, Araqvadan ötürdülər,

Bizi qədim Mitsxetiyə gətirdilər.

Gül verdilər, gül içində itirdilər.

Can bir oldu, dil bir oldu, söz bir oldu,

Səhər idi.. axşam saat düz bir oldu.

***

Məbəd gördük – dağ yanında bir dağ idi,

Yazı gördük – eramızdan qabaq idi.

Gözümüzdə maraq başqa maraq idi,

Şəkillərdə birləşəndə göz bir oldu,

Sinələrdə od bir oldu, köz bir oldu.

***

Qədim qanlı davaları xatırladıq,

Səbuhitək babaları xatırladıq.

Neçə doğma havaları xatırladıq,

kaman dindi, çonqur dindi, saz bir oldu,

elə bildim, hamısında səs bir oldu.

***

Kinto gəldi qarmonunu çala-çala,

şərab gəldi, buynuz vurduq, bala-bala.

Gürcülərə meylimizi sala-sala,

sağlıq dedik, süfrələrdə tost bir oldu,

mən bir deyim, siz deyin ki, yüz bir oldu.

***

Yola düşdük, yol bir oldu, iz bir oldu,

tək şeirimdə imzam ayrı…

Hiss bir oldu.