1895-ci ildə Tiflis sakini olan S.V.Abramyants Bakı milyonçusu və xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyevdən Bakı məhkəməsinə şikayət edib.
Bu barədə Tiflisdə nəşr olunmuş “Kavkaz” qəzetinin həmin ilin 1 fevral tarixli 30-cu sayından məlum olur. Qəzetin nüsxəsi Gürcüstanın Milli Parlament Kitabxanasının dövri mətbuat arxivində saxlanılır.


Qəzetin Məhkəmə xronikası bölməsində Maraqlı iş başlıqlı məqalədə yazılıb ki, vəkil K.V.Odınets S.V.Abramyantsın etibarnaməsi ilə Bakı şəhərinin I bölmə hakiminə iddia ərizəsi ilə müraciət edib. Müraciətdə S.V.Abramyants H.Z.Tağıyevin özbaşınalığa görə cəzalandırılmasını və ondan 1 000 rubl təzminat alınmasını xahiş edib.
Məqalədə işin mahiyyəti aşağıdakı kimi təqdim olunub:
“Abramyants Tağıyevin teatrında özünün yazdığı “Gənc bəy” pyesini qoymaq niyyətində idi. Lakin tamaşanın təyin olunduğu günün axşamı teatrın elektrik işıqlandırılması söndürülüb, Abramyants isə yoldaşı İoannesyantsla teatrda bağlı vəziyyətdə qaranlıqda qalıb. Əlbəttə ki, belə şəraitdə tamaşa baş tuta bilməzdi. Abramyants tamaşanın nümayişindən böyük məbləğdə pul toplamağı gözləyirdi deyə, o, zərəri 1 000 rubl həcmində müəyyən edib”.
İş üzrə məhkəmə araşdırması yanvarın 24-nə təyin olunsa da, fevralın 13-dək təxirə salınıb. Tağıyevin müdafiəçisi olan vəkil S.A.Vopsoçiv bir sıra şahidlər təqdim edib. Onların bildirdiyinə görə, Tağıyev həmin axşam Abramyantsa teatrı icarəyə verməyib və elektrik dinamo-maşın* zədəli olub.
Məhkəmə işinin nə ilə başa çatması barədə “Kavkaz” qəzetinin növbəti saylarında məlumata rast gəlinmir. Lakin nəşrin həmin ay, daha dəqiq isə fevralın 17-də işıq üzü görmüş 44-cü sayında qış mövsümünü başa vurmuş Tiflis opera teatrının Bakıya qastrol səfəri haqqında məlumat diqqət çəkməyə bilmir.

“Bakıda opera” başlıqlı xəbərdə bildirilib ki, opera ifaçıları Tağıyevin teatrında zəngin repertuarla italyanca çıxış edəcəklər. Sonda qeyd olunub ki, Tağıyevin teatra xüsusi himayədarlığına görə tamaşaların nümayişinə görə ödəniş tələb olunmur, ödəniş yalnız işıqlandırılmaya görə alınır.
Bu məqalə ilə tanışlıqdan sonra Tiflis ermənisinin Bakı milyonçusuna böhtan ataraq ona qarşı məhkəmə iddiası qaldırmasının əsl məqsədini təxmin etmək olur. Ehtimal etmək mümkündür ki, Abramyants Tiflis opera teatrının Bakıda Tağıyevin teatrında çıxışı barədə öncədən məlumatlı olub, qastrol səfərini uğursuzluğa uğratmaq üçün təxribat məqsədilə Bakıya yollanıb və İoannesyantsla birgə teatrın işıqlandırma sistemini sıradan çıxarıb.
*daimi elektrik cərəyanı hasil edən maşının köhnə adı
Aziz.ge