Tbilisidə Mirzə Fətəli Axundovun üç əsərindən ibarət kitabın təqdimatı olub

Tbilisidə Azərbaycanın görkəmli dramaturqu Mirzə Fətəli Axundovun üç əsərindən ibarət “Üç komediya” adlı kitabın təqdimatı keçirilib.

Aziz.ge xəbər verir ki, ədibin adını daşıyan Azərbaycan Mədəniyyəti Mərkəzində təşkil olunmuş tədbirdə azərbaycanlı və gürcü ziyalılar, tələbələr, ictimai xadimlər iştirak ediblər.

“Hekayəti-xırs quldurbasan”, “Sərgüzəşti-Mərdi- Xəsis (Hacı Qara)” və “Hekayəti-müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah cadukini-məşhur” əsərlərinin yer aldığı nəşr Azərbaycan və gürcü dillərində nəşr olunub. Kitab Gürcüstanın Mədəniyyət Nazirliyinin dəstəyi ilə işıq üzü görüb.

Tədbirdə çıxış edən Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyinin direktoru Leyla Əliyeva bildirib ki, kitabın ilk təqdimatı ötən ilin oktyabrında Bakıda keçirilmiş Beynəlxalq Kitab Sərgisində baş tutub. O, nəşrin işıq üzü görməsinə göstərdikləri dəstəyə görə Gürcüstanın Mədəniyyət Nazirliyi və Gürcüstan Yazıçılar Evinə təşəkkürünü bildirib.

Daha sonra söz alan Gürcüstan Yazıçılar Evinin rəhbəri Ketevan Dumbadze Mirzə Fətəli Axundovun yaradıcılığının Azərbaycan və gürcü ədəbiyyatlarındakı mühüm rolundan danışıb. O, kitabın gürcü və azərbaycanlı oxucular tərəfindən böyük maraqla qarşılanacağına ümidvar olduğunu qeyd edib.

Mərasim çərçivəsində Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyinin yeni yaradılmış saytı da təqdim olunub. Muzeyin direktor müavini Leyla Əliyeva bildirib ki, www.azeculture.ge saytı Azərbaycanın Gürcüstandakı səfirliyinin dəstəyi ilə dörd — Azərbaycan, gürcü, ingilis və rus dillərində hazırlanıb. O qeyd edib ki, onlayn resursda muzeyin fəaliyyəti ilə yanaşı Tbilisidə Azərbaycan mədəniyyətinə aid məkanlar barədə də məlumatlar, foto və videomateriallarla tanış olmaq mümkün olacaq. Leyla Əliyeva xüsusilə vurğulayıb ki, saytda 360 dərəcəli virtual səyahət vasitəsilə məkanları “ziyarət etmək” imkanı da yaradılıb.