Mikayıl Müşfiqin “Şən Tiflis”i

Neçin sakit axırsan, neçin belə həzinsən?

Xalqın kimi bu gecə coşmayırsan neçin sən?

Dəli Kür, məzəli Kür,

Çayların gözəli Kür!

Bax o qıza, gəlinə, şəkər əzmiş dilinə,

Kim baxıb heyran olmaz Gürcüstanın elinə?

Heyranmısan sən də, Kür?!

Yoxsa salmışlar səni bir çıxılmaz bəndə, Kür?

Yox, gözəl Kür, bilirəm dərin çaylar lal axar,

Qaranlıq bucaqlara süzülən bu ulduzlar,

Bu işıqlar sənindir,

Yaraşıqlar sənindir.

Bu Tiflisin bürcünü, bu əldəyməz gürcünü,

Kənddəki, şəhərdəki dəzgahların gücünü

Bəlləndirən də sənsən!

Hətta bizim bağçanı gülləndirən də sənsən.

Mən heyrət içindəyəm, heyrət gözəllikdədir,

Bu qüvvətdə, bu işdə, bu elektrikdədir.

Ax, mənim ceyran Kürüm!

Özünə heyran Kürüm!

Sahilində çarpışan bu gənc insanlar ki, var

Hər çağlayan ləpədən bir şimşək çaxdırarlar.

Ax, mənim dərin Kürüm!

Ürəyi ürəyimdən daha da sərin Kürüm!

Dünən bir gürcü kimi yolum düşdü Qocurdan,

Orda bir türk şairi deyən fisqi-fücurdan…

Bir əlamət bulmadım,

Dolaşdım addım-addım.

Düşünən meşələrin içindən sərin-sərin,

Eşitdim nəğməsini bir gürcü pionerin.

Eşitdinmi sən də, Kür?

Gürcüstanın içindən süzülüb keçəndə, Kür

O pioner oxurdu: “İşlə, ZAHES!” – deyirdi,

Uzaqdakı gürcüyə: “Səsini kəs!” – deyirdi.

Oxuyurdu həvəslə, İldırımlı bir səslə.

Oxuduqca axan su şırıltısını kəsdi,

Söyüdlərin, doğrusu, suda qolları əsdi.

Oxuyurdu maraqlı…

Ömründə belə nəğmə duymamışdı İraklı.

Sən də eşitməmişdin bir belə nəğmə, ey Kür!

Ağlamış üzərində bir ana hönkür-hönkür.

Sən onu dinləmişdin, Onunla inləmişdin.

Cəllad əlində bıçaq dolaşdı bucaq-bucaq,

Qarı, qoca, qız, gəlin, minlərcə oğul-uşaq,

Gəldi Qacar: “Vur!” – dedi.

Yüyürüb harayına yetişən çar: “Vur!” – dedi.

Gəl buraxaq keçmişi, nə çıxar ağlamaqdan,

Qayıtmayan günlərə yeni yas saxlamaqdan?!

Ləzzət bu günlərdədir,

Daha ilərlərdədir!

Bax, bu gün var, yarın var, xəzanda baharın var;

Ay kimi oğulların, gün kimi qızların var.

Nəşə çatmasa yerdən,

Yerə nəşə çəkəlim ən uzaq kürələrdən!

Mən aldığımı aldım Tiflisin şənliyindən,

Əməkçi gürcülərin yenilməz mənliyindən.

Könül, sən də ilham al!

Şair, sən də qələm çal!

Ax, ey havalı sözlər, səsli-sədalı sözlər,

Hər sapı mirvaridən ağır, bahalı sözlər!

Yan bir ovuc dür kimi,

Ax göydə ulduzları utandıran Kür kimi!

Sən də şairsən, ey Kür, ey təbii bəstəkar!

Səsin gümüş bir tütək kimi səslənib axar.

Ax, ey ədalı Kürüm,

Qanlı-qadalı Kürüm!

Sahilində çarpışan bu gənc insanlar ki, var,

Hər çağlayan ləpəndən bir şimşək çaxdırarlar.

Ax, mənim dərin Kürüm,

Ürəyi ürəyimdən daha da sərin Kürüm!

/Yazılma tarixi bəlli deyil/