Azərbaycanın milli musiqi mədəniyyətinin ən tanınmış simalarından biri, dünya şöhrətli müğənni Rəşid Behbudovun doğulduğu Tbilisi şəhərində xatirəsi 2017-ci ildə əbədiləşdirilib. Həmin ilin iyulunda Tbilisi Şəhər Şurasının qərarı ilə keçmiş Poniçala (Soğanlıq) kəndinin adsız küçələrindən birinə onun adı verilib.
Teleqraf-ın Gürcüstan bürosunun əməkdaşı Rəşid Behbudov küçəsinə baş çəkib, sakinlərlə həmsöhbət olub.
Öncə küçənin yerləşdiyi ərazi haqqında. Tbilisidən 8 kilometr aralıda yerləşən Poniçala 1973-cü ilədək Soğanlıq adını daşıyıb. 2007-ci ilə qədər Poniçala kəndi Qardabani rayonunun tərkibində olub. Həmin ildən Tbilisi şəhərinin Krtsanisi rayonunun ərazisinə daxil edilib. Gürcüstanda 2014-cü ildə aparılmış son siyahıya almaya əsasən, Poniçalada əhali sayı 4 452 nəfərdir. Əhalinin 90%-ə qədərini soydaşlarımız təşkil edir. Poniçala iki hissədən – Kvemo (yuxarı) və Zemo (aşağı) Poniçaladan ibarətdir.
Xəritədə olmayan küçə
Tiflisin mərkəzində anadan olmuş Rəşid Behbudovun adı şəhər mərkəzindən çox uzaqda yerləşir. Kvemo Poniçaladakı küçəni axtarıb tapmaq çətinliklə başa gəldi. Yaxınlığında yerləşdiyi Marneuli küçəsinə qədər xəritənin köməyi ilə getmək mümkündür. Həmin küçənin ətrafında olan Rəşid Behbudov da daxil olmaqla bir neçə küçənin adı xəritədə yoxdur. Küçənin istiqamətinə doğru yalnız yol boyu hərdən bir görünən insanlardan soruşa-soruşa çıxmaq olur. Ərazidə sement zavodu və mebel fabriki kimi bir neçə sənaye müəssisəsi yerləşir. Tbilisinin bir hissəsi olsa da, avtobus və “marşrutka”lar gözə dəymir. Yol boyu yalnız irihəcmli yük maşınları və şəxsi avtomobillər hərəkət edir.

Fərdi yaşayış evlərinin arasında Soğanlıq və Dabakneti küçələri görünür. Bu küçələrin soydaşlarımız olan sakinləri Rəşid Behbudov küçəsi barədə məlumatsızdırlar, harada yerləşdiyini bilmirlər. Mağazanın qarşısında maşınını saxlayıb düşən gəncdən küçəni soruşuram. Rüfət adlı gənc qohumunun Rəşid Behbudov küçəsində yaşadığını bildirir. Rüfətin köməkliyi ilə Rəşid Behbudov küçəsinin sakini Nabil Bayramovla tanış oluram.
Asfalta həsrət sakinlər
Nabil küçəyə ad bildirən lövhələrin atası Habil Bayramovun müraciəti əsasında vurulduğunu bildirir. Habil müəllimlə həmsöhbət oluram. Məlum olur ki, küçəyə Rəşid Behbudovun adı 2017-ci ildə verilsə də, lövhələr dərhal quraşdırılmayıb. Soydaşımızın Tbilisi meriyasına müraciətindən sonra təxminən iki il öncə küçəyə lövhələr vurulub. Amma sakinləri ən çox narahat edən məsələ lövhələrlə bağlı deyil, küçənin uzun illərdir bərbad vəziyyətdə olmasıdır.
Habil Bayramovun sözlərinə görə, küçə asfalt üzü görməyib, bunun da səbəbi yaxınlıqda yerləşən çınqıl karxanasıdır:
“Karxanadan çınqıl daşıyan yük maşınları bizim küçədən keçir. Yayda tozun, payız-qışda isə palçıq içində olur. Yola asfalt çəkilmir, çünki irihəcmli yük maşınları örtüyü yararsız hala salacaq. 20 ildən çoxdur fəaliyyət göstərən çınqıl karxanasının bağlanması xahişi ilə aidiyyəti qurumlara dəfələrlə müraciət etmişik. Amma karyer bu gün də fəaliyyətdədir. Gün ərzində yük maşınları bir neçə reys edirlər, ətraf toz dumanına bürünür. Bu, səhhətimizə də, təsərrüfatımıza da ciddi zərər vurur”.
Təcili tibbi yardım maşını, taksi gələ bilmir
Küçə xəritədə olmadığından onu tapmaq təcili tibbi yardım maşınları üçün də müşkül məsələdir. Sakinlər çağırış edəndə maşınla çıxıb təcili yardıma yolu göstərməli olurlar. Taksi sifarişi də asan başa gəlmir, bunun üçün Marneuli küçəsinə və ya Tbilisi-Rustavi magistral yoluna qədər xeyli məsafə qət edilməlidir. Küçənin xəritəyə daxil edilməsi üçün vaxtın tələb olunduğu bildirilir.
Soydaşlarımızı qayğılandıran digər məsələ isə yaxınlıqda uşaq meydançasının olmamasıdır. Vaxtilə belə meydança yaradılıb, lakin sonradan ərazi satılıb və məkan ləğv olunub. Uşaqlar üçün hazırda yeganə əyləncə vasitəsi çınqıllı yolda velosiped sürməkdir.

Hər bir azərbaycanlı kimi Habil Bayramov da Rəşid Behbudovla fəxr edir. Sakini olduğu küçənin vəziyyətinin görkəmli müğənninin adına layiq olmamasından təəssüf edir. O, digər sakinlər kimi küçənin asfaltlanmasını, gediş-gəliş üçün rahatlığın təmin olunmasını və abadlaşdırılmasını arzulayır.
Sakinlər arasında Rəşid Behbudovun kim olması barədə məlumatsız olanlar da var. Bunun üçün ad bildirən lövhələrdən birinin yanında görkəmli ifaçı haqqında gürcü və ingilis dillərində qısa məlumatın olduğu eyni ölçüdə lövhə də yerləşdirilə bilər. Tbilisidə bəzi görkəmli şəxsiyyətlərin adlarının verildiyi küçələrdə bu təcrübə tətbiq olunur.
Gözdən uzaq, könüldən iraq
Poniçala 18 ildir Tbilisinin bir hissəsi olsa da, şəhərə uyğun görkəmini hələ almayıb. Ucqar kənd yolunu xatırladan, səkkiz ildir Rəşid Behbudovun adını daşıyan çınqıllı küçə bunun əyani sübutudur. Yəqin ki, Tbilisinin gözündən uzaq küçənin sakinlərini narahat edən məsələlər şəhər rəhbərliyini yaxından maraqlandıra bilmir.
Görünən odur ki, Tbilisi rəhbərliyi məşhur azərbaycanlı ifaçının adını abad olmayan küçəyə verən zaman onun doğma şəhərində xatirəsinin əbədiləşdirilməsi məsələsinə həssaslıq göstərməyib. Küçə paytaxt mərkəzindən uzaqda yerləşə bilər, amma görkəmli şəxsiyyətin adının verilməsindən sonra mütləq abadlaşdırılaraq Rəşid Behbudovun xatirəsinə layiq vəziyyətə gətirilə bilərdi.

Sonda iki məqamı, daha doğrusu iki küçəni qeyd etmək yerinə düşər. Tbilisinin köhnə hissəsində, elə Krtasini rayonunda Soğanlıq döngəsi yerləşir. Soğanlıq kəndindən fərqli olaraq, döngənin adı Poniçalaya dəyişdirilməyib. Rəşid Behbudovun adını uzaq, keçmiş Soğanlıq kəndindəki küçəyə verməkdənsə, Soğanlıq döngəsinə vermək olardı. Döngə kiçik olsa da, həm asflatlıdır, həm də Rəşid Behbudovun anadan olduğu mərkəz hissəyə yaxındır.
Tbilisidə vaxtilə müğənninin adının verilə biləcəyi başqa bir küçə də olub. Həmin küçə Bakı komissarlarından biri olmuş Mir Həsən Vəzirovun adını daşıyıb. 2018-ci ildə küçə Gürcüstan Demokratik Respublikasının 100 illiyi münasibətilə Zaqafqaziya Seyminin sədri olmuş Nikoloz Çxeidzenin şərəfinə adlandırılıb. Küçədə bu gün də üzərində gürcü və rus dillərində “Vəzirov küçəsi” yazısı olan köhnəlmiş lövhələrə rast gəlinir. Tbilisidə təşəbbüskar və nüfuzlu icmamız olsaydı, küçədən bir azərbaycanlının adının götürüldüyü halda digərinin adının verilməsinə nail olunardı.

Rəşid Behbudov Tbilisini çox sevirdi, onu mahnılarında həm Azərbaycan, həm də gürcü dillərində vəsf edirdi. Doğma şəhəri isə onun böyük sevgisinə və bağlılığına hələ də layiqli qarşılıq verməyib.

Cəmilə Babayeva