Şuşalı generalın Tiflisdə itmiş məzarının izi ilə  — Ağayevin qəbirüstü daşının taleyi naməlum qalıb

Azərbaycanın Müdafiə Nazirliyinin mətbu orqanı olan “Azərbaycan ordusu” qəzetinin 31 may 2025-ci il tarixli 38-ci sayında çar ordusunda xidmət etmiş görkəmli hərbi xadimlərimizdən biri olmuş Fərəc bəy Ağayev (1814-1891) haqqında məqalə dərc olunub. Məqalədə onun 1891-ci ildə noyabrın 26-da Tiflisdə vəfat etdiyi yazılsa da, dəfni barədə hər hansı bir qeydə rast gəlinmir.  

Aziz.ge ötən ilin oktyabrında general-leytenant haqqında “Tiflisdə kilsə divarında dəfn olunmuş Fərəc bəy Ağayev — Qarabağlı hərbi xadimin məzarı niyə itib?” başlıqlı yazı təqdim edib. Məqalədə hərbi xadimimizin divarında dəfn edildiyi Voznesenki (gürcücə Amağlebi) kilsəsi haqqında da məlumat yer alıb.

Fərəc bəy Ağayevə həsr olunan növbəti yazıda Tbilisinin həmin kilsəsi barədə yeni faktları təqdim edirik.

Öncə ötən yazıda Amağlebi kilsəsi barədə təqdim olunmuş məlumatı xatırladaq:

“Kilsə 1917-ci il inqilabından sonra bağlanıb və təyinatı üzrə istifadə edilməyib. 1969-cu ildə kilsə tamamilə sökülüb. Bəzi gürcü mənbələrində kilsənin 1968-ci ildə yolun genişləndirilməsi səbəbindən uçurulduğu bildirilir. Kilsənin fundamentinin qalıqları üzərində, digər məlumatlara əsasən isə bələdiyyənin ayırdığı torpaq sahəsində 1999-cu ildə yeni kilsənin inşasına başlanılıb. Dini məbəd 2003-cü ildən fəaliyyət göstərir.

Kilsənin söküldüyü vaxtdan F.Ağayevin məzarı itirilmiş hesab olunur”.

Kilsəni məşhur tarixçi tikdirib

Məbəd barədə yeni faktlarla 2023-cü ildə Tbilisidə dağıdılmış kilsələrin mədəni-tarixi və bədii-memarlıq təhlilində tanış olmaq mümkündür. Müəllifləri Gürcüstan Texniki Universitetinin professoru Maya Davitaya və elmi işçisi Giorgi Kartvelişvili olan yazıda bildirilib ki, Amağlebi kilsəsi 1852-ci ildə tarixçi, filosof və ictimai xadim Platon İoseliani (1810-1875) tərəfindən Afinadakı “Küləklər Qülləsi”nin nümunəsi üzrə inşa edilib və səkkizguşəli tikilidən ibarət olub. İoseliani məbədi inşa etdirməklə vəba xəstəliyinə yoluxmuş oğlunun sağalacağı halda etdiyi əhdini yerinə yetirmişdi.

Amağlebi kilsəsi, 1899-cu il

Səkkizguşəli tikili daha sonra sökülüb və 1899-cu ildə günbəzli məbədlə əvəzlənib. Gürcüstanda sovet rejiminin qurulmasından sonra məbəd ləğv edilib, lakin bina 1968-ci ilədək mövcud olub. Bina Kocori şossesinin genişləndirilməsi ilə bağlı uçurulub. Yeni məbədin inşası 1999-cu ildə başlayıb, 2003-cü ildə təqdis edilib.

Məbəddə dörd sərdabə olub

Təhlildə qeyd olunub ki, məbəddə dörd sərdabə olub. Onlar Platon İoseliani, onun həyat yoldaşı, oğlu və təbiətşünas, knyaginya Yelena Dolqorukoyaya (1789-1860) aid olub. Platon İoseliani 1968-ci ildə (məbədin uçurulduğu il) yenidən Tbilisidəki Didube panteonunda dəfn olunub. Onun başdaşısı da panteona aparılıb. Digər qəbirlərin taleyi isə naməlumdur.  

Kilsədən qalan başdaşı kimə aiddir?

Amağlebi kilsəsi Tbilisinin eyniadlı küçəsində yerləşir. Kilsənin hasarının yaxınlığında bir neçə iri daşlara rast gəlinir. Ehtimal etmək olar ki, onlar keçmiş məbəddən qalanlardır.

Həmin daşların yaxınlığında söykənildiyi divarda xaç işarəsi, üzərində isə rus dilində soyad, doğum və vəfat tarixi olan başdaşı da diqqət çəkir.

“Bartolomey. Doğulub 23 noyabr 1814 – vəfat edib 5 oktyabr 1870-ci il”. Başdaşının üzərindəki yazı budur.

Bartolomey kim ola bilər?

Bu soyadda 1870-ci ildə Tiflisdə dəfn olunmuş bir nəfər var — İvan Alekseyeviç Bartolomey. O, rus general-leytenantı, numizmat, arxeoloq və yazıçı olub. 1860-cı ildən hərbi xidmətini Tiflisdə davam etdirib və bu şəhərdə də vəfat edib.

Fərəc bəyin qəbirüstü daşının naməlum taleyi

Rus hərbi xadiminin başdaşının günümüzə qədər gəlib çatması onu güman etməyə əsas verir ki, məzarı itmiş F.Ağayevin başdaşısı hələ də qalıb. Onu da ehtimal etmək olar ki, F.Ağayevin də başdaşısı eyni formaya malik olub. Bəlkə də şuşaşlı generalın başdaşısı Amağlebi kilsəsi sökülərkən İvan Alekseyeviç Bartolomeyin başdaşısı kimi götürülüb və qorunub saxlanılıb. Güman etmək olar ki, başdaşı Tbilisidəki digər məzarlıqlardan birinin ərazisinə yerləşdirilib. Fərəc bəy 1844-cü ildə Nikolay Nikolayeviç adı ilə pravoslavlığı qəbul etmişdi. Onun başdaşında “Nikolayeviç” soyadının yazıldığını ehtimal etmək olar. Bu ehtimalı gücləndirən bir məqam ondan ibarətdir ki, o, vəsiyyət etmişdi ki, nekroloqunda ad-soyadı Fərəc bəy Ağayev kimi göstərilsin, lakin onun vəsiyyətinə əməl olunmamışdı. Digər tərəfdən üzərində azərbaycanlı soyadı olan başdaşının məhv edilməsi ehtimalı böyükdür. Sovet dövründə “Nikolayeviç” soyadı həkk edilmiş daşın məhv edilməsi isə az ehtimal ediləndir. Bəlkə də rus soyadı qəbirüstü daşı sökülmədən xilas edib.

Böyük ehtimal ki, qəbirüstü daş götürülərkən üzərindəki yazıya görə xristiana aid edilərək Tbilisidəki xristian qəbirstanlıqlarından birinə aparılıb. Başdaşına Fərəc bəyin yaxınlarının sahib çıxmamasının səbəbini onların generaldan xristainlığı və rus adını qəbul etdiyinə görə üz döndərmələri ilə izah etmək olar.

Qarabağlı generalın taleyi hələ də naməlum qalan başdaşısı ilə bağlı ehtimalları doğrultmaq üçün əlavə tədqiqatlara ehtiyac var.

Aziz.ge mövzu ilə bağlı araşdırmalarını davam etdirəcək.