Görkəmli cazmen Vaqif Mustafazadə ölməz əsərlərində yaşayır, ecazkar kompozisiyalarının ritmləri və sədaları susmur.
Görkəmli cazmenin xatirəsi vaxtilə fəaliyyət göstərdiyi Gürcüstanda da əziz tutulur və yaşadılır. Onun məşhur “Bakı gecələri” kompozisiyasına gürcü musiqiçilər – pianoçu Nika Nikvaşvili və Tbilisi Opera və Balet Teatrının orkestri yeni nəfəs verib.
Orkestrin üzvləri əsəri böyük zövqlə ifa edirlər, bu, onların üz ifadələrindən bəllidir. Hətta fleyta ifaçısı heyranlığını gizlədə bilmir, yerində dingildəyir. İfada məharətli keçid də var, sonda səslənən hissə Tofiq Quliyevin “Bakı əziz şəhər” mahnısına aiddir.