Gürcü dostum – Fikrət Qocanın şeiri

Bu gün Azərbaycanın Xalq şairi Fikrət Qocanın (1935-2021) anım günüdür. O, 2021-ci ilin mayın 5-də 85 yaşında vəfat edib.

F.Qocanın Gürcüstana həsr etdiyi “Gürcü dostum”, “Xevsur oğlanın qarğışı”,  “Gürcü sağlığı” adlı şeirləri də var. Poeziya nümunələri 1973-cü ildə qələmə alınıb.

“Gürcü dostum” şeirini təqdim edirik:

Xatirinə dəysə biri

Nə davaya dartınar o,

Nə də pərt olub sınar o,

Nə qorxub çəkilər geri,

Zarafata sala bilər.

Yas içində olsa əgər,

Qapısından qonaq baxa,

“Genasvali, buyur”, – deyər,

Gözündən yaş axa-axa,

Zarafata salar, gülər.

Heç zaman baş əyməz yada,

Heç zaman qısmaz səsini.

Özü üç gün ac olsa da,

Dostuyla son tikəsini

Zarafata salar, bölər.

Gürcünün kefi kök olar –

Qonağı, çaxırı bolsa,

Dost yolunda gürcü dostum

Yeri düşsə, lazım olsa,

Zarafata salar, ölər.