Bakı-Tbilisi əməkdaşlığı dərinləşdiriləcək

Tbilisi meri Kaxa Kaladze Bakı və Gəncə şəhərlərinin icra hakimiyyəti başçıları ­­– Eldar ƏzizovNiyazi Bayramovla görüşüb.

Tbilisi meriyasının məlumatına əsasən, görüşdə Gürcüstan və Azərbaycan arasında mehriban qonşuluq münasibətləri, həmçinin qardaş şəhərlər – Tbilisi və Bakı arasında əməkdaşlığın dərinləşdirilməsi məsələləri müzakirə olunub.

K.Kaladze deyib ki, Gürcüstan və Azərbaycanı çoxəsrlik dostluq münasibətləri birləşdirir və hər iki ölkənin hökumətləri bu münasibətlərin möhkəmləndirilməsi üçün səylər göstərir: “Bizi həm də mədəni əlaqələr birləşdirir. Bu sahədə bir sıra layihələr həyata keçirilir və bu yalnız alqışlana bilər”.

Tbilisi meri ötən il Gəncədə görkəmli gürcü şairi Nikoloz Barataşvilinin xatirə lövhəsinin açılmasına görə şəhərin icra hakimiyyəti başçısı Niyazi Bayramova təşəkkürünü bildirib.

Mer azərbaycanlı həmkarlarını bu ilin oktyabrında keçirilməsi planlaşdırılan “Tbilisoba” şəhər bayramına dəvət edib.

E.Əzizov öz növbəsində deyib ki, hər bir azərbaycanlı gürcü xalqına böyük hörmətlə yanaşır: “Gürcüstan hökumətinə ölkədə yaşayan azərbaycanlılara münasibətə görə təşəkkür edirəm. Dünyanın bütün ölkələri problemlərlə üzləşir və bu, bizim ölkələrə də aiddir. Buna görə də ölkələr və şəhərlər arasında əlaqələrin qurulması çox vacibdir”.

Bakı və Gəncənin icra hakimiyyəti başçıları Tbilisidə XIV Yerli İqtisadi İnkişaf Forumunda iştirak edirlər.

Xatırladaq ki, Bakı və Tbilisi 2021-ci ilin iyulun 13-dən qardaşlaşmış şəhərlərdir.