Bu gün görkəmli rus şairi Aleksandr Puşkinin (1799-1837) anadan olmasından 225 il ötür. Şair 1829-cu ildə Tiflisə səyahət etmiş, şəhərdə iki həftə keçirmişdi.
Puşkin Gürcüstana səfərindən sonra oçerklər qələmə alıb, həmçinin şeirlər də yazıb.
Rus şairinin Tiflisdə olduğu müddətdə ziyarət etdiyi məkanlardan biri Bəzəkli hamam olub. XVIII əsrə aid, şərq stilində tikilmiş bu hamam “Orbeliani”, “Göy” hamamla yanaşı, “Puşkin hamamı” da adlanır.
Hamam Tbilisinin Abanotubani rayonunun ən gözəl və diqqətçəkən tikililərindən biridir. Binanın fasadında A.Puşkinin Tbilisi hamamları haqqında məşhur sitatının olduğu lövhəni görmək mümkündür.
Lövhədə gürcü və rus dillərində yazılıb:
“Ömrüm boyu Tiflis hamamları kimi hamam görmədim”.
Şair “Ərzuruma səyahət” adlı yol qeydlərində Tiflisin kükürdlü hamamları haqqında yazır:
“Hamam sahibi məni hamamçı tatara (azərbaycanlıya) təhvil verdi. O, mənim qayğımı çəkməli idi. Həsən (bu tatarı belə çağırırdılar) öz işinə başladı, yonulmuş daş döşəməyə məni uzatdı, sonra da qabırğalarımı ovxalamağa, oynaqlarımı gərməyə, yumruğu ilə bərkdən vurmağa başladı. Mən cüzi ağrı belə hiss etmirdim, əksinə xüsusi bir ləzzət hiss edirdim. Asiyalı kisəçilər bəzən çuşa gələrək çiyinlərin üstünə çıxırlar, ayaqları ilə ombalarda sürüşürlər və kürəkdə çöməlirlər. Bundan sonra yun kisə ilə uzun müddət bədənimi sürtdü, isti su ilə məni yaxaladı və kətanda köpüklənmiş hava şarı ilə məni yumağa başladı. Dil ilə deyilməyən duyğudur: isti sabun hava kimi üstünə püskürür. Sabun püskürməsindən sonra Həsən məni hamama saldı və mərasim sona yetdi”.*
Qeyd edək ki, Tbilisinin mərkəzində Puşkin küçəsi və bağı var. Azadlıq meydanı yaxınlığında yerləşən skverdə şairin heykəli 1892-ci ilin mayın 25-də açılıb. Puşkin bağı 2022-ci ildə təmir-bərpa olunub və abadlaşdırılıb.
_________
*“Qədim Tiflis” kitabından. Müəllif Mirzə Məmmədoğlu (Bakı-2009)