Aziz.ge Azərbaycanın ilk mətbu orqanı olan “Əkinçi” qəzeti haqqında vaxtilə Tiflis mətbuatında dərc olunan materialların növbəti hissəsini təqdim edir.
Budəfəki materiallar “Əkinçi”nin nəşri haqqında elanlardır və “Qafqaz” qəzetinin (1846-1918) 1875-ci ilin noyabr, aprel və may aylarında işıq üzü görmüş saylarının səhifələrində yer alıb.
Sibir, Türkistan və Krımdan abunə yazılanlar var
“Qafqaz” qəzetinin 23 noyabr 1875-ci il tarixli sayında “Əkinçi”yə abunə yazılanlar barədə məlumata rast gəlinir:
“Bizə Bakıdan yazırlar ki, tatardilli “Əkinçi” qəzetinə abunə olanların sayı 600-ə çatıb və bu vaxta qədər Sibir, Türkistan və Krımdan abunə yazılanlar var. “Əkinçi” gələcək 1876-cı ildə də həmin proqramla nəşr olunacaq. İllik qiyməti 3 rubldur”.
Cənab Həsən bəy Məlikov bizə xəbər verir ki,
“Qafqaz”ın 20 aprel 1875-ci il sayında isə “Əkinçi”nin naşiri və redaktoru Həsən bəy Zərdabinin verdiyi xəbər barədə yazılıb:
“Cənab Həsən bəy Məlikov bizə xəbər verir ki, “Əkinçi” qəzetinin nəşri haqqında elanları artıq göndərib. Qəzetin nəşri Rəcəb ayından (müsəlman ilinin ikinci yarısının başlanğıcı), yəni iyulun 22-də başlayacaq. Yarım il üçün abunə haqqı 1 rubl 50 qəpik təşkil edir.
Əhali xəbərdən heyrətlənib və bilmir – inansın, ya inanmasın
“Qafqaz” qəzetinin 7 may 1875-ci il tarixli sayında yer alan xəbərdə isə “Əkinçi”nin nəşri barədə məlumatların müsəlman dünyasında yaratdığı reaksiyalara həsr olunub:
“Müsəlman dünyasında Bakıda yeni tatardilli “Əkinçi” qəzetinin tezliklə nəşr olunacağı barədə şayiələrlə bağlı təəssüratlar son dərəcə müxtəlifdir. Tatar kitab həvəskarları yeni yaranan orqana sərt yanaşıblar, belə ki, “Əkinçi” çəkilməyəcək, nəşr olunacaq, yəni yazılacaq. Əhali xəbərdən heyrətlənib və bilmir – inansın, ya inanmasın. Tehran qaşqabağını tökür”.
Həmçinin oxu:
Tiflis qəzeti “Əkinçi”nin nəşrindən 5 ay öncə: Müsəlman Şərqi irəliyə böyük addım atır!