1960-cı ilin yayında o zamankı M.Əzizbəyov adına Azərbaycan Akademik Dram Teatrı, indiki Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı Gürcüstanda qastrol səfərində olub. Həmin ilin avqustun 5-də işıq üzü görmüş “Zarya Vostoka” qəzetinin bir səhifəsi qastrolun yekunlarına həsr olunub. “İldən ilə qardaşlığımız möhkəmlənir” adlı səhifədə Gürcüstanın teatr xadimlərinin, tbilisili tamaşaçıların Azərbaycan teatr kollektivinin çıxışları haqqında təəssüratları yer alıb. Məqalələrdə azərbaycanlı səhnə ustalarının peşəkarlığı, teatr kollektivinin güclü aktyor heyətinə malik olduğu vurğulanıb.
Səhifədə yer almış teatrın o zamankı bədii rəhbəri, SSRİ Xalq artisti Adil İsgəndərovun “Qoy bizim görüşlər ənənə halını alsın” sərlövhəli məqaləsində tbilisili tamaşaçıların səhnə əsərlərinə böyük qiymət verdiyi bildirilib.
“Şadıq ki, incəsənətimizlə gürcü və Azərbaycan xalqlarının çoxəsrlik dostluğunun daha da möhkəmlənməsinə töhfə verdik”, – bədii rəhbər sonda qeyd edib.
Səhifədə Tbilisidə qastrol səfərində olmuş Azərbaycanın böyük teatr və kino aktyorları, xalq artistləri — Leyla Bədirbəyli, Möhsün Sənani, Hökümə Qurbanova və Rza Əfqanlının dostluq şarjları da verilib.
Rəsmlərin müəllifi Giorgi (Giqla) Pirtsxalavadır. Gürcüstanın Xalq rəssamı G.Pirtsxalava (1922-1983) illüstrator, karikaturaçı, şarjçı və heykəltəraş olub. O, karikaturaçı kimi Gürcüstanın bir sıra jurnal və qəzetləri ilə əməkdaşlıq edib.
“Pirtsxalavanın mövzuları dostların masasında səslənən yaxşı, şən gürcü tostları kimi yaranır”. “Sovet karikaturasının ustaları” İ.Semyonov (1968)
Aziz.ge 64 il bundan öncə çəkilmiş həmin dostluq şarjlarını təqdim edir.