Gürcüstanda məktəb dərsliyinə aşıq Nargilə Mehtiyeva haqqında məlumat daxil edilib

Gürcüstanın orta məktəblərində tədris olunan “Gürcü dili və ədəbiyyatı” fənni üzrə 11-ci sinif dərsliyinə aşıq Nargilə Mehtiyeva haqqında məlumat daxil edilib.

Aziz.ge xəbər verir ki, şagirdlər dəsrliyin 20-ci səhifəsində yerləşdirilmiş QR kod vasitəsilə Gürcüstanın Birinci kanalında xanım aşıq haqqında yayımlanmış videosüjetə keçid əldə edə bilirlər.

N.Mehtiyeva haqqında verilmiş qeyddə bildirilib:

“Tinatin (Nargilə) Mehtiyeva Gürcüstanda qədim şərq aləti olan sazda ifa edən yeganə xanım aşıqdır. O, Avropa və Asiya ölkələrində keçirilən musiqi festivallarında Gürcüstanın adından çıxış edir.  “Gürcüstan mənim vətənimdir, vətən də hər şey deməkdir”, – o deyir”.

Nargilə xanım üçün haqqında dərslikdə məlumatın daxil edilməsi gözlənilməz olub. O, təəssüratlarını Aziz.ge ilə bölüşüb.

“Bu barədə xəbər mənə böyük sevinc bəxş etdi. Şagirdlərim, qohumlarım, yaxınlarım da bunu sevinclə qarşılayıb. İnana bilməzdim ki, nə vaxtsa Gürcüstanda dərslikdə kimliyim və fəaliyyətim haqqında məlumat olacaq. Bu, çox qürurverici hadisədir. Kitablarda, jurnal və qəzetlərdə barəmdə bir sıra məqalə və yazılar dərc olunub. Lakin deyərdim ki, dərsliyə haqqımda məlumatın daxil edilməsi tayı-bərabəri olmayan uğurdur və bu nailiyyəti heç də asanlıqla əldə etməmişəm. Qürurverici haldır ki, Gürcüstan məktəbliləri ölkənin yeganə xanım aşığı haqqında dərslikdən məlumat əldə edə biləcəklər”.