Tbilisidə doğulmuş, şərəfinə mahnı bəstələnmiş Azərbaycanın görkəmli neftçisi

Bu gün Azərbaycanda Neftçilər Günüdür. Azərbaycanın neft sənayesi işçiləri peşə bayramlarını 2001-ci ildən etibarən qeyd edirlər.

Aziz.ge əlamətdar gündə oxucularını Tbilisidə anadan olmuş görkəmli neftçi Akif Cəfərovun (1930-1992) həyat və fəaliyyəti ilə yaxından tanış edir.

Akif Cəfərov

A.Cəfərov Tbilisidəki indiki Mirzə Fətəli Axundov adına 73 saylı azərbaycandilli tam orta mətəbi bitirib. 1950-ci ildə Azərbaycan Dövlət Universitetinin Geologiya-coğrafiya fakültəsinə daxil olub. 1955-ci ildə ali təhsilini başa vuran A.Cəfərov artıq “Gürganneft” trestinin briqada başçısı kimi 1959-cu il mayın 1-də 60 min ton neftin çıxarılmasına nail olub.

SSRİ Ali Soveti Rəyasət Heyətinin 23 may 1960-cı il tarixli fərmanı ilə A.Cəfərova Sosialist Əməyi Qəhrəmanı fəxri adı verilib. Həmin ildə onun haqqında “Akif Cəfərovun briqadası” adlı sənədli film çəkilib.

Portret. Rəssam V.Kustov

A.Cəfərov 1984-cü ildən ömrünün sonunadək “Azneft” İstehsalat Birliyinin baş direktoru vəzifəsində çalışıb. O, bir sıra dölət təltiflərinə layiq görülüb, seçki orqanlarında Azərbaycan neftçilərinin layiqli təmsilçisi olub.

Bir neçə elmi əsərin müəllifi olan A.Cəfərov qazı ayıran qurğunun ixtiraçısı kimi patent alıb. O, 1964-cü ildə Bakıda nəşr etdirdiyi “Möcüzələr adasında” adlı kitabda həyat yolunu təsvir edib. Bu kitab və görkəmli neftçiyə aid fotoşəkillər, istehsalat jurnalı, aldığı mükafatların sənədlərinin surətləri Milli Azərbaycan Tarix Muzeyinin fondunda mühafizə edilir.

Azərbaycanın tanınmış bəstəkarı Ələkbər Tağıyev Akif Cəfərova mahnı həsr edib. Sözlərinin müəllifi şair Rafiq Zəkadır. Mahnının sözlərindən:

Dalğalarmı açır yelkən

Min səs gəlir göy Xəzərdən

Buruqlarmı səni hərdən səsləyir köməyə Akif.

O mehdirmi əsir, əsir

Göy Xəzərin üstə gəzir

Ya qəlbinin öz səsidir

Dönür yüz nəğməyə Akif.

Görkəmli neftçi 1992-ci ilin noyabrın 30-da Bakıda vəfat edib.

Fotoşəkillər Акиф Джафаров Facebook səhifəsindən götürülüb.