Səttar Bəhlulzadənin Gürcüstan mənzərələri — Rəssam Rustavi şəhərində də eskizlər çəkib

Bu gün görkəmli fırça ustası Səttar Bəhlulzadənin (1909-1974) anım günüdür. Azərbaycanın Xalq rəssamının vəfatından 50 il ötür.

S.Bəhlulzadənin zəngin rəng çalarlarına malik əsərləri arasında Gürcüstan mövzusuna da rast gəlinir. “Cvari mənzərəsi” və “Gürcüstan” adlı əsərlərini rəssam 1950-1961-ci illər arasında yaradıb. Bu əsərlər haqqında məlumat “Xalq Əmanəti” seriyasının S.Bəhlulzadənin həyat və yaradıcılığına həsr olunan buraxılışında (2012) yerləşdirilib.

Qeyd olunan dövrdə S.Bəhlulzadənin Tbilisidə bir neçə sərgisi keçirilib. 1956-cı ilin iyununda Gürcüstan Rəssamları Klubunda baş tutmuş sərgidə rəssamın ən yaxşı əsərləri təqdim edilib. Bu barədə Tbilisidə nəşr olunmuş “Zarya Vostoka” qəzetinin 16 iyun 1956-cı il tarixli sayından məlum olur.  “Azərbaycanlı rəssam S.Bəhlulzadənin əsərlərinin sərgisi” sərlövhəli məqalədə qeyd olunub ki, Azərbaycan təbiətinin təsvir olunduğu rəsmlər, miniatür və etüdlər xüsusi diqqət cəlb edib.

Gürcüstanın Milli Parlament Kitabxanasının plakatlar kolleksiyasında həmin sərginin plakatı saxlanılır.

S.Bəhlulzadənin Gürcüstan mövzusunda digər əsərlərinin də olduğunu söyləmək olar. Belə ki, “Zarya Vostoka” qəzetinin 22 mart 1961-ci il tarixli sayında “Dostluq addımları” adlı məqalədə bildirilib ki, sovet Gürcüstanının 40 illiyi ilə əlaqədar olaraq Azərbaycanın Rəssamlar İttifaqı Tbilisiyə bir qrup rəssamı ezam edib.

Məqalədən məlum olur ki, azərbaycanlı rəssamlar Gürcüstanın şəhərlərində, sənaye mərkəzləri və kolxozlarında olublar. S.Bəhlulzadə digər rəssamlar Maral Rəhmanzadə və Q.Cabbarlı ilə birgə Rustaviyə baş çəkib. Rəssamlar qeyd dəftərçələrində metallurgiya zavodunun aparıcı poladəridənləri və fəhlələrin portretlərini, gənc şəhərin küçə və meydanlarının sərt xətlərini çəkiblər.    

Azərbaycanlı rəssamların sovet Gürcüstanının 40 illiyinə həsr etdiyi əsərlər daha sonra Bakıda sərgilənib.

S.Bəhlulzadənin Rustavidə çəkdiyi eskizlər əsasında əsərlər yaradıb-yaratmadığı haqqında açıq mənbələrdə məlumatlara rast gəlinmir.

Aziz.ge