Tbilisidə Heydər Əliyev adına sahilboyu: tarixçəsi və yeni tikinti layihəsi

Azərbaycan xalqının Ümummili lideri Heydər Əliyevin adını daşıyan sahilboyu Tbilisidə Kür çayının sağ sahilində yerləşir. Şəhərin əsas nəqliyyat magistralının bir hissəsi olan sahilboyuna ulu öndərin adı 2007-ci ildə verilib. 2004-cü ildən sahilboyu bütövlükdə Gürcüstanın ilk prezidenti Zviad Qamsaxurdiyanın adını daşıyırdı.

Qeyd edək ki, sovet dövründə sahilboyu Stalinin adını daşıyıb.

Sahilboyunun Z.Qamsaxurdiyanının adını daşıyan hissəsində ad bildirən lövhələrə rast gəlinir.

H.Əliyevin adını daşıyan hissədə isə bu cür lövhələrin quraşdırılması mümkün olmayıb. Çünki sahilyanının bir tərəfi Kür çayının kənarıdır, digər tərəfində isə tikililər yoxdur. 2000-ci illərin əvvəllərində burada yerləşmiş bütün tikililər sökülüb, yeni binaların inşası layihəsi isə dondurulub.

Yalnız bir işıq dirəyində üzərində gürcü və ingilis dillərində “Prezident Heydər Əliyev adına sahilboyu” sözlərinin yazıldığı istiqamət göstərən lövhə var. 2007-ci ildə quraşdırılmış lövhənin üzərindəki yazı ilə birgə yenilənməsinə ehtiyac var.

Heydər Əliyev adına sahilboyunda onun adını bildirən memorial lövhə yerləşir. Üzərində ilkin olaraq abidədən Bakıya və Ankaraya qədər olan məsafələr qeyd olunsa da, daha sonra lövhə üzərində ulu öndər haqqında məlumat həkk edilib.  

Növbəti illərdə Heydər Əliyev adına sahilboyu yeni müasir görkəm alacaq. Belə ki, burada beş müasir göydələnin inşası planlaşdırılır. Göydələnlərin tikiləcəyi ərazinin ümumi sahəsi 58,859 kvadrat metr təşkil edir. Layihəyə əsasən kompleksin infrastrukturuna kommersiya obyektləri və yeraltı avtodayanacaq da daxil olacaq. Genişmiqyaslı tikinti layihəsi hazırda Tbilisi meriyasında nəzərdən keçirilir.

Heydər Əliyev adına sahilboyunun adını bildirən nömrəli ünvan lövhələrinin yeni binaların inşasının başa çatmasından sonra quraşdırılacağını gözləmək olar.  

Aziz.ge