Gürcüstan telekanallarına Azərbaycanın musiqi əsərləri ilə bağlı müraciət olunub

Gürcüstanın Milli Əqli Mülkiyyət Mərkəzi (“Sakpatenti”) Azərbaycanın Əqli Mülkiyyət Agentliyinin “Basqalı” rəqsi və “Bu qala, daşlı qala” mahnısı ilə bağlı müraciətinə cavab ünvanlayıb.

Aziz.ge xəbər verir ki, bu barədə Agentliyin yaydığı məlumatda bildirilib.

Məlumata əsasən, cavabda bildirib ki, müəllif hüquqlarının pozulmasının qarşısının alınması və hüquqların bərpası üçün tədbirlərin görülməsi məqsədilə Gürcüstanın televiziya kanallarına müraciət edilib. “Sakpatenti” məsələyə dair hərtərəfli araşdırma və cavab məktubu gözləyir.

Əlavə olaraq, bu məsələyə dair məhkəmə və hüquqi mexanizmlərin də daha geniş şəkildə tətbiq olunacağı xüsusi qeyd olunub.

“Sakpatenti” rəhbərliyi bildirib ki, bu məsələyə dair təhlil və cavabları diqqətlə izləyəcək, hüquqi mübahisələrin həlli üçün lazımi tədbirləri görməyə davam etdirəcək.

Xatırladaq ki, Agentlik “Sakpatenti”yə müraciəti ötən ilin oktyabrın 21-də edib. Məktubda Gürcüstan telekanallarında Azərbaycana məxsus olan “Basqalı” rəqsinin “Somxuri şalaxo” – erməni şalaxosu” kimi təqdim edilməsinin və “Bu qala, daşlı qala” adlı Azərbaycan xalq mahnısından istifadə olunarkən onun mənbəyinin və mənsub olduğu xalqın adının göstərilməməsinin səbəblərinin araşdırılaraq müvafiq tədbirlərin görülməsi xahiş olunub.

Həmçinin oxu:

Azərbaycan “Basqalı”nın Gürcüstanda “erməni şalaxosu” kimi təqdim edilməsinə etirazını bildirib