27 il öncə məhz bu gün — 1998-ci ilin yanvarın 25-də Azərbaycanın o zamankı prezidenti Heydər Əliyev Tbilisiyə gözlənilməz səfər edib. Ümummilli lider bununla yaxın dostu Gürcüstanın o vaxtkı dövlət başçısı Eduard Şevardnadzenin 70 illik yubileyinə sürpriz etmişdi.
Aziz.ge xəbər verir ki, Eduard Şevardnadze Fondu feysbuk səhifəsində həmin səfərlə bağlı paylaşım edib.
Bildirilib ki, E.Şevardnadze yanvarın 25-də doğum gününü təntənəli şəkildə qeyd etmək fikrində olmayanda gözlənilmədən Azərbaycan prezidenti, çoxdankı dostu Heydər Əliyev ona baş çəkdi.

Gürcüstanın eks-prezidentinin şəxsi arxivindən paylaşılan videoda E.Şevardnadzenin dediklərindən:
“O, xüsusi olaraq 70 illiyimlə bağlı gəldi. Xəbərdarlıq etmədən. Təyyarəyə minib gəldi. Mənə dedilər ki, Heydər Əliyev gəlir. Yəqin artıq səs-küysüz və xüsusi təmtəraqsız olmasını istəyirdi. Mən nə edə bilərdim? Dostum, qonşum gəlmişdi. Böyük auditoriya topladım və Heydər Əliyev çıxış etdi. O, iki liderin, iki xalqın dostluğu haqqında riqqətli sözlərlə dolu çıxış etdi”.
Videokadrlardan göründüyü kimi, H.Əliyev Tbilisi hava limanında onu qarşılamağa gələnləri gürcü dilində yüksək səslə “qamarcoba” deyərək salamlayır.
Ulu öndər gürcü həmkarına və dostuna 70 illiyi münasibətilə xalça hədiyyə edib. O, bu xalçanın xüsusi olmasına diqqət çəkib:
“Mən bu gün Eduard Şevardnadzeyə Azərbaycan milli xalçasını hədiyyə təqdim etmək istəyirəm. Dünyada xalçalar çoxdur. Lakin bu Azərbaycan milli xalçası məhz Azərbaycan və Gürcüstanın dostluğunu və müstəqilliyini simvolizə edir”.

E.Şevardnadze “mən nə edim?” deyib gülümsəyir. Onun çıxışından:
“Mənim qardaşım, bizim dostumuz, gürcü xalqının böyük dostu, Azərbaycan xalqının görkəmli oğlu, dünyada tanınmış beynəlxalq miqyaslı xadim və mənim şəxsi dostum qonağımızdır. Heydər Əliyev səxavətli və müdrik insandır… Gürcüstanın tranzit ölkə olması üçün, mən neft kəmərini nəzərdə tuturam. Və yalnız nefti nəzərdə tutmuram. Mən eyhamlar edirəm (gülümsəyir). (Heydər Əliyev: Anlayıram). Bu taleyin 90 faizini Heydər Əliyev həll edib”.
Onun çıxışından sonra zalda alqışlar səslənir.
Dövlət rəhbərlərinin iştirakı ilə daha böyük zalda keçirilmiş görüşdə Heydər Əliyevin sözləri tədbir iştirakçılarının gülüşlərinə və alqışlarına səbəb olub. O deyib:
“75 yaşınızın tamam olmasını gözləyəcəyəm. O zaman elə gələcəyəm ki, sizin heç xəbəriniz olmasın. Paraşütlə düşəcəyəm”.
Fotolar Gürcüstan Milli Parlament Kitabxanasının arxivinə aiddir, müəllifi Şahvələd Eyvazovdur.