Qafqazın ilk milli universiteti 107 yaşında — Tikintisinə azərbaycanlıların da ianə etdiyi TDU

Qafqazın ilk milli universiteti olan Tbilisi Dövlət Universitetinin (TDU) açılmasından 107 il ötüb.

Ali təhsil ocağı 1918-ci ilin yanvarın 26-da — çar Qurucu Davidin anım günündə (yeni təqvimlə fevralın 8-də) fəaliyyətə başlayıb.

Universitetin təsis edilməsi ideyası hələ XIX əsrin əvvəlində yaranmışdı. 1860-cı illərdə ictimai xadim və yazıçı İlya Çavçavadze bu istiqamətdə fəaliyyətə başlayıb, lakin yalnız XX əsrin əvvəlində dosent, Sankt Peterburq universitetinin məzunu İvane Cavaxişvili universitetin açılmasına nail olur.

İvane Cavaxişvili

Tarixçi və akademik İvane Cavaxişvilinin təqdimatı əsasında ali məktəbin ilk rektoru Petre Melikişvili olub. İ.Cavaxişvili isə Fəsələ fakültəsinə rəhbərlik edib. Universitetə dövlət statusu 1918-ci ilin sentyabrında təqdim olunub. 1989-cu ildən TDU-ya onun təsisçisi İvane Cavaxişvilinin adı verilib.

Ali təhsil ocağının binasının tikilməsinin maraqlı tarixçəsi var. “Tbiliselebi” jurnalında dərc edilmiş məqalədən məlum olur ki, binanın inşası üçün ianə edənlər arasında azərbaycanlılar da olub.

Aziz.ge oxucularını həmin məqalədə yer almış maraqlı tarixi faktlarla tanış edir.

TDU-nun yaradılması qərara alınanda ilkin olaraq onun humanitar və yaxud texniki təmayüllü olması barədə yekdil fikrə gəlinmir. Nəticədə humanitar profil seçilir, çünki universitet texniki təmayüllü olsaydı, Zaqafqaziya miqyasının ali məktəbi olacaqdı və o zaman tədris dili kimi rus dili təsdiqlənməli idi. TDU keçmiş Rusiya imperiyası məkanında tədrisin ana dilində aparıldığı ilk ali təhsil müəssisəsi olur.

Binanın tikintisi üçün yalnız gürcülər deyil, azərbaycanlılar və ermənilər də ianə etmişdilər. Saingilodan (Azərbaycanın Qax, Zaqatala, Balakən rayonlarında gürcülərin yaşadığı ərazini gürcülər belə adlandırırlar) və Lazikadan da pul göndərmişdilər.

Tikilinin inşası ilk gürcü memar Simon Kldiaşviliyə həvalə olunur. Bunun rəmzi mənası var idi. Belə ki, bundan əvvəl Gürcüstanda memarlar yalnız qeyri-gürcülər idilər və belə fikirlər var idi ki, gürcülər binanın layihəsinin öhdəsindən gələ bilməyəcəklər. Tikinti zamanı fundamentə Kaxeti şərabı şüşələri və o dövrün qəzetləri qoyulub. 1973-cü ildə TDU-nun ərazisində əlavə tikilinin inşası zamanı I korpusun fundamentində həmin şüşələr və qəzetlər təsadüfən aşkar olunub.

Universitet açılarkən yalnız bir — Fəlsəfə fakültəsi var idi. Tələbələr imtahansız qəbul edilirdi. Heç bir milli və dini məhdudiyyət tətbq olunmurdu. İlk ildə 360-a yaxın tələbə toplamaq mümkün olur. Ali təhsil ocağında təhsil ödənişli idi — bir il üçün 100 rubl təşkil edirdi.

Qeyd edək ki, İvane Cavaxişvili adına TDU Gürcüstanın aparıcı ali məktəbi statusunu bu gün də qoruyub saxlayır. Ali məktəb “Quacquarelli Symonds” agentliyinin tərtib etdiyi 2025-ci il üçün dünyanın ən yaxşı universitetləri arasında 791-ci yeri tutub. Reytinqdə üumilikdə 1 500 universitet var, TDU siyahıda yeganə Gürcüstan ali məktəbidir.