Tiflisin köhnə mehmanxanaları: Azərbaycanlıların qonaq qaldığı məkanlar

Aziz.ge Tiflisin köhnə mehmanxanaları ilə bağlı araşdırmalarını davam etdirir. Araşdırmalar zamanı 2011-ci ildə işıq üzü görmüş və müəllifi Davit Xoştaria olan “Tbilisi. Köhnə mehmanxanalar” adlı kitabdan maraqlı məlumatlar əldə olunub.

Kitabda 1810-cu ildən 1920-ci ilədək Tiflisdə mövcud olmuş mehmanxanaların tarixindən bəhs olunur. Müəllif həm ayrı-ayrı hotellər, həm də mehmanxana biznesinin ümumi aspektləri haqqında maraqlı faktlar təqdim edib. Tarixi mənzərənin təsəvvürü üçün səyyahların hekayələri, mətbuat, soraq kitabçaları, arxiv sənədlər, köhnə fotoşəkillər və binaların layihələrindən istifadə olunub.  

Nəşrdən məlum olur ki, XX əsrin əvvəllərində Tiflisdə mehmanxana sahəsində azərbaycanlılar və iranlılar da fəaliyyət göstəriblər. Onlar əsasən mebelli qonaq otaqlarını ucuz qiymətə kirayə verirdilər.

“1910-cu ildə Seyidabad məhəlləsində Vorontsov küçəsində (indiki Qorqasali küçəsi) Məmməd Əli Keyd oğlu, Məmməd Mustafa Alaş oğlu, Rəfi oğlu qonaq otaqlarına sahib olublar. Onların müştəriləri öz kasıb soydaşlarından ibarət idi”.

Qeyd edək ki, Tiflisin Hamamlar məhəlləsi və onun həndəvərindəki ərazi XVII əsrdə Seyidabad adlanırdı. Bu ad ona görə əmələ gəlmişdir ki, XVII əsrin 30-cu illərində İran şahı burada seyidlər icmasını məskunlaşdırıb. Maraqlıdır ki, Ərdəbil və Təbriz şəhərlərində də vaxtilə Seyidabad məhəlləsi olub. Seyidabad – seyidlərin məskəni XVIII-XIX əsrlərdə Xarpux məhəlləsi adlandırılıb.

Seyidabad məhəlləsi

Kitabın eyni fəslində həmin dövrdə Tiflisdə ermənilərə məxsus olan mehmanxana barədə də məlumat verilib. Hotelin adı “Masis” olub və Tbilisinin keçmiş erməni bazarı deyilən ərazisində, indiki Kote Abxazi (keçmiş Leselidze) küçəsində yerləşib. Mehmanxana yaxınlığındakı mağaza ilə birgə Serqo Qevencana məxsus olub.

Keçmiş erməni bazarı, indiki Kote Abxazi küçəsi

Qeyd edək ki, “Masis” Ağrı dağının erməni dilindəki adlarından biridir. Masis həm də Qərbi Azərbaycan ərazisindəki Zəngibasar mahalının sonradan dəyişdirilmiş adıdır. Bu ad mahala 1950-ci ildə verilib.